“Övladlarımı puldan məhrum etməyəcəyəm” – Sabiq nazir həbs edildi
Tiflis Şəhər Məhkəməsi ölkənin keçmiş müdafiə naziri İrakli Okruaşvilinin məhkəmə zalında həbs olunması barədə hökm çıxarıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, məhkəmə prokurorluğun tələbi ilə həbs-qətimkan tədbirini girovdan həbsə dəyişdirib.
Okruaşvili Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələblərini yerinə yetirməməkdə ittiham olunur. O, dindirilməyə gəlməkdən imtina edib.
Buna görə sabiq nazirə Cinayət Məcəlləsinin (CM) 349-cu maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddədə cərimə və ya 1 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Okruaşvili məhkəmədə bildirib ki, bundan öncə təyin olunmuş 20 minlik girovu ödəmək niyyətində deyil.
“Mən kiminsə şıltaqlığına görə övladlarımı puldan məhrum etməyəcəyəm”, - keçmiş nazir vurğulayıb.
Qeyd edək ki, İrakli Okruaşvili 2004–2006-cı illərdə, Saakaşvilinin prezidentliyi dövründə Gürcüstanın müdafiə naziri olub.
Xatirə SADIQ