Pakistan hökuməti Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi
Pakistan hökuməti ABŞ prezidenti Donald Trampın Hind-Pakistan münaqişəsinə “həlledici diplomatik müdaxiləsini nəzərə alaraq” onu Nobel Sülh Mükafatına namizəd göstərib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Pakistan hökuməti X sosial media platformasında məlumat paylaşıb.
“Regional təlatümlərin gərginləşdiyi bir vaxtda prezident Tramp həm İslamabad, həm də Nyu Dehli ilə fəal diplomatik əlaqələr sayəsində böyük strateji uzaqgörənlik və görkəmli dövlət müdrükliyi nümayiş etdirdi. Bu, sürətlə pisləşən vəziyyətin deeskalasiyasına gətirib çıxardı”, - deyə məlumatda bildirilib.
Məlumatda o da qeyd edilib ki, Donald Trampın hərəkətləri onun “əsl sülhməramlı roluna sübutdur”. Pakistan hökuməti həmçinin Kəşmir regionunda münaqişənin həllində ABŞ prezidentinin “əsas rəhbərliyinə” diqqəti cəlb edib.
“Reuters”in xəbərinə görə, iyunun 18-də Hindistanın baş naziri Narendra Modi ABŞ prezidentinin Vaşinqtonun vasitəçiliyi ilə Nyu Dehli və İslamabadın münaqişəyə son qoyması barədə sözlərini inkar edib. Modi bildirib ki, tərəflər Hindistan və Pakistan hərbçiləri arasında aparılan danışıqlar nəticəsində atəşkəs barədə razılığa gəliblər.
Trampın özü jurnalistlərə deyib ki, heç vaxt Nobel Sülh Mükafatını almayacaq, çünki “bu, yalnız liberallara aiddir”.
Sonra o, “Truth Social” şəbəkəsində Hindistanla Pakistan arasındakı müharibəni bitirdiyinə, yaxud hər hansı digər münaqişənin həllinə görə Nobel mükafatını almayacağını yazıb.
“İnsanlar bilirlər – bunun hamısı mənim üçün vacibdir”, - deyə ABŞ prezidenti əlavə edib.
Xatirə SADİQ