Pentaqon rəhbəri Ukrayna məsələsində Trampdan gizli hərəkət edib? – Maraqlı detallar

Hakimiyyətə gələndən bəri Tramp administrasiyası növbəti xoşagəlməz durumla qarşılaşıb. 

Jul 9, 2025 - 14:15
Pentaqon rəhbəri Ukrayna məsələsində Trampdan gizli hərəkət edib? – Maraqlı detallar

SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Ukraynaya silah satışını dayandırmaq qərarı barədə əvvəlcədən Ağ Evi məlumatlandırmayıb.

Tramp administrasiyasının yüksək vəzifəli məmuru və digər iki mənbə iddia edir ki, ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun və dövlət katibi Marko Rubionun da bundan xəbəri olmayıb və onlar bunu mediadan eşidiblər.

Mənbələr iddia ediblər ki, Heqset artıq ikinci dəfədir ki, Ukraynaya silah tədarükü ilə bağlı təkbaşına qərar verir. Bu isə milli təhlükəsizlik sahəsindəki digər məmurlar üçün gözlənilməz olur. Onlar xatırladıblar ki, belə hal ilk dəfə fevral ayında olub və həmin qərar dərhal ləğv edilib.
 
Çərşənbə axşamı “bu, kimin qərarı olub” sualına cavabında prezident Donald Tramp “Bilmirəm, siz niyə bunu mənə deməyəsiniz” ifadəsi ilə yayınıb. Bundan əvvəl isə Tramp Ukrayna Prezidenti Zelenski ilə telefon söhbətində tədarükün dayandırılması qərarında şəxsən iştirak etmədiyini bildirmişdi. 

Ağ Evin sözçüsü Kerolayn Livitt də Pentaqon rəhbərinin təkbaşına qərar verdiyini təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib. O, Pentaqonun “xarici ölkələrə verilən bütün dəstəyin Amerikanın maraqlarına uyğun olmasını təmin etmək” üçün ehtiyatlarını nəzərdən keçirdiyini və Trampın Ukraynaya hərbi yardımı davam etdirmək qərarına gəldiyini söyləyib. Livitt onu da əlavə edib ki, prezident “müdafiə nazirinə tam etimad göstərir”. 

Qeyd edək ki, bir sıra ekspertlər bildirmişdilər ki, yekunda Trampın bu məsələdə bütün günahı Pentaqon rəhbərinin üstünə atacaq. Hazırda CNN-in bu məlumatı yayması da onu sübut edir. Amma ekspertlər əminliklə vurğulamışdılar ki, Heqset belə mühüm qərarı təkbaşına verə bilməz.    

Xatırladaq ki, ötən həftə Pentaqonun bəzi artilleriya sursatlarının və hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsini dayandırdığı, digər təhlükələrdən qorunmaq üçün silahların saxlanması zərurətini əsas gətirdiyi məlum olub.

Lakin iyulun 7-də Tramp ölkəsinin Ukraynaya müdafiə silahlarını göndərəcəyini bəyan edib. Tramp bunu deyərkən onun yanında oturmuş Pit Heqset başı ilə dövlət başçısının sözlərini təsdiqləyib.

Axios portalının məlumatına görə, Tramp Ukraynaya 10 “Patriot” tutucu-raket göndərilməsini əmr edib və “Patriot” batareyalarından birini Ukraynaya satması üçün Almaniyaya təzyiq göstərir.

Yeri gəlmişkən, bundan öncə Almaniya kansleri Fridrix Mertsin “Patriot” batareyalarını Ukraynaya ötürməsi üçün Vaşinqtona rəsmən müraciət etdiyi barədə alman KİV-i məlumat yaymışdı. Odur ki, Trampın buna görə Almaniyaya təzyiq göstərdiyi inandıcı səslənmir və yalnız ABŞ prezidentinin korlanmış imicinin xilas edilməsinə xidmət cəhdidir.  

Xatirə SADIQ