Peskovdan İstanbul görüşü ilə bağlı açıqlama - "Çətin söhbət olacaq"
“İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun əsas mövzusu memorandum layihəsi ilə bağlı məsələlər olacaq”.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Müzakirəyə çıxarılacaq məsələlər ilk növbədə ikinci raundda mübadilə edilən memorandum layihələri ilə bağlı olacaq. Həmçinin çox mühüm qarşılıqlı mübadilə prosesinin davam etdirilməsi ilə bağlı söhbət olacaq. Və təbii ki, zərurət yaranarsa, başqa məsələlər də qaldırılacaq. Belə qərarlar nümayəndə heyətlərinin başçıları tərəfindən veriləcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Peskovun sözlərinə görə, Rusiyanın danışıqların yeni raundundan gözləntiləri barədə danışmaq çətindir. O, əlavə edib ki, bu, “çətin söhbət” olacaq və heç kim “asan yol” gözləmir, çünki Ukrayna və Rusiya tərəflərinin layihələri “diametral şəkildə qarşıdur”.
O, qeyd edib ki, memorandumların razılaşdırılması istiqamətində görülən bütün işlər əslində görüşə hazırlıqdır: “Bütün bu mürəkkəb işləri görmədən, əslində görüşləri planlaşdırmaq çətin ki, məqsədəuyğun olardı. Əks halda, ən yüksək səviyyədə biz bu çox mürəkkəb və həcmli işi görməli olacağıq”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna İstanbulda Rusiya ilə əsirlərin mübadiləsi, uşaqların qaytarılması və liderlərin görüşünə hazırlıq məsələlərini müzakirə etmək niyyətindədir.
“RBC Ukrayna” məlumatlı mənbələrə istinadən iddia edir ki, Kiyevdə qarşıdakı danışıqların əsas mövzusu liderlərin görüşünün hazırlanması hesab olunur.
Xatirə SADİQ