Polşada rus fəalın xanımı da həbs edildi
Polşa məhkəməsi “Açıq Rusiya”nın keçmiş koordinatoru İqor Roqovun həyat yoldaşı İrina Moseykinanı üç ay müddətinə həbs edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
İqor Roqovun xanımı noyabrın 22-də həbs edilib. Cütlük casusluqda şübhəli bilinir.
Polşa prokurorluğuna istinadən “Bax belə” proqramı xəbər verib ki, ki, İqor Roqov həm də terror aktı hazırlamaqda, İrina isə ona kömək etməkdə ittiham olunur.
Polşa Daxili Təhlükəsizlik Agentliyi noyabrın sonunda Roqov və Moseykinanın dostu, Aleksey Navalnının qərargahlarından birinin keçmiş koordinatoru, rusiyalı Danila Buzanovun üzərində axtarış aparıb. O, şahid qismində dindirilib.
Buzanov jurnalistlərə deyib ki, ondan Moseikina və Roqovu tanıyıb-tanımadığını və çütlüyün FTX (FSB) ilə hər hansı əlaqəsi barədə ona məlumat verib-vermədiklərini soruşublar. Buzanov bu cür fərziyyələri sürreal adlandırıb.
İqor Roqov 2024-cü il iyulun 29-da Polşanın Katovitse şəhərində saxlanılıb. Polşa Prokurorluğunun mətbuat katibi Pşemıslav Novak bildirib ki, Roqov partlayış hazırlamaqda şübhəli bilinir. Onun həbs müddəti 2025-ci il yanvarın 27-dək uzadılıb.
Moseykina həbsindən öncə danışırmış ki, iyul ayında əri Praqada dostlarını ziyarət edərkən Katovitsedəki ünvanına naməlum bağlama gəlib. Praqadan qayıdan kimi ərini saxlayıblar. Onun sözlərinə görə, o, heç vaxt bağlamanı götürməyib və içində nə olduğunu bilmir.
Roqova yaxın iki mənbə baş verənlərlə bağlı fərqli versiya danışıb. Onların sözlərinə görə, 2024-cü ilin iyulunda Roqov Çexiyaya səfər edib və məhz orada “ukraynalı könüllülərdən paket” ala bilib. İddialara görə o, içində nə olduğunu bilmirmiş. “Çox güman ki, orada polyakları maraqlandıran partlayıcı var idi", - deyə mənbələrdən birindən sitat gətirilib.
Roqovun tanışları ona kiminsə badalaq gəldiyini ehtimal edirlər, lakin məhz kimin bunu etdiyinə aydınlıq gətirmirlər.
Rusiyalı İqor Roqov Katovitse şəhərində təqaüdlə oxuyub. O, 2020-ci ildə “Açıq Rusiya”nın digər fəalları ilə birlikdə Belarusdakı etiraz aksiyalarını müşahidə etməyə gedib. Minskdə saxlanılıb, Okrestin küçəsindəki təcridxanaya aparılıb və döyülüb. Bir gün sonra Belarusun təhlükəsizlik qüvvələri dərhal ölkəni tərk etmək əmri ilə Roqovu azad ediblər. Bundan sonra o, Polşada qaçqın statusu alıb.
Oktyabrın 25-də Polşa prokurorluğu və Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın maraqları naminə işləyən, Avropa İttifaqı ölkələrinə və Böyük Britaniyaya partlayıcı maddələr olan bağlamalar göndərdiyi iddia edilən dörd məhbus haqqında məlumat yayıb. Həmin şəxslərin adları açıqlanmayıb, sadəcə bağlamalarda olan maddələrin yerüstü və hava daşımaları zamanı alovlana və ya partlaya biləcəyi nəzərə çatdırılıb.
Xatirə SADİQ