Prezident fəalın sözü ilə generalı işdən çıxarıb? – “The Washington Post”
ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbərini ifrat sağçı fəalın şikayətinə görə işdən çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp NSA rəhbəri, general Timoti Honu və onun müavini Vendi Noblu vəzifələrindən azad edib. Məlum olub ki, ifrat sağçı fəal Lora Lumer bu çərşənbə günü Trampla görüşü zamanı çıxış edərək, Ho və Noblla yanaşı, qurumun bir sıra əməkdaşlarının işdən çıxarılmalarını israr edib.
Fəal bunu onların prezidentə qeyri-loyallığı ilə izah edib. Onun general Honun vəzifədən çıxarılması ilə bağlı arqumenti bundan ibarət olub ki, Ho 2023-cü ildə Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milli tərəfindən “şəxsən seçilib”. Mark Millinin isə Trampla münasibəti düz gəlməyib.
Ertəsi gün Milli Təhlükəsizlik Şurasının, ən azı, beş əsas məmuru işdən çıxarılıb.
“Financial Times” yazır ki, Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner general Honun işdən çıxarılmasını pisləyib. O, bildirib ki, Ho 30 ildən çox şərəf və ləyaqətlə xidmət edib.
Trampın özü jurnalistlərlə söhbətində Lumerin təkidi ilə məmurları işdən çıxardığını təkzib edib.
NSA ölkədə kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olan əsas qurumudur.
Xatirə SADİQ