"Prezidentin köməkçilərindən biri kürd olsun" - Bağçalının təklifi etiraz doğurdu
“Prezidentin iki köməkçisi olsun. Biri ələvi, digəri kürd”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu iddialara görə, aylar əvvəlki toplantıda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
Bu iddianın üstündən aylar keçməsinə baxmayaraq, partiya tərəfindən heç bir təkzib verilməyib.
Hakim AKP-nin keçmiş millət vəkili Şamil Təyyar isə məsələ ilə bağlı fikirlərini səsləndirib:
“Bunu jurnalist İsmail Saymaz yazıb, MHP isə inkar etməyib. Bağçalının bu sözləri Türkiyədə birliyin yaranmasını təhlükəyə atacaq qüsurlu bir təklifdir. Prezidentinin xristian, Baş nazirinin sünni, parlament sədrinin şiə, millət vəkillərinin dini məzhəblərə görə bölündüyü Livanı xatırladan bu model Türkiyəni parçalayacaq və sabitliyi pozacaq. Vəzifələrin inanc və etnik mənsubiyyətə görə bölüşdürülməsi də qeyri-demokratikdir. Bu, türklərə, kürdlərə, ələvilərə qarşı haqsızlıqdır. Bu ölkə hamımızındır. Ləyaqət, səy, performans və plüralist demokratik yanaşma ilə hər kəs hər yerdə ola bilər”.
Tayyarın sözlərinə görə, Türkiyənin prezidenti ələvi də ola bilər, kürd də. Lakin əsas olan onun seçkilərlə hakimiyyətə gəlməsidir:
“Məsələn Kamal Kılıçdaroğlu seçkilərdə qazansaydı, prezident ələvi olacaqdı. Ancaq bu onun ələvi olduğuna görə yox, sandıqdan çıxan nəticələrə olacaqdı. Bizim İsmət İnönü, Turqut Özal kimi kürdəsilli prezidentlərimiz də olub. Hətta 27 may 1960-cı il hərbi çevrilişindən sonra general rütbəsinə qədər yüksələn və prezident olan Camal Gürsəl də ərzurumlu kürd ələvisi idi. Hazırkı vitse-prezidentimiz Cevdet Yılmaz da zazadır. Amma onu bu vəzifəyə gətirən etnik mənsubiyyəti deyil, topladığı biliyi və təcrübəsidir. 100 il əvvəl parçaları birləşdirərək yaradılmış yeni və güclü sosial quruluşu məhv etməyə çalışmaq bu ölkəyə qarşı böyük ədalətsizlikdir. Çatışmazlıqlarımızı aradan qaldırmağa çalışmalıyıq, lakin bunu var olanı yıxmadan, məhv etmədən etməliyik”.
Banu