Putin BMT-də islahatlar aparılmasına çağırdı – Qutereşin hüzurunda
“BMT-nin inkişaf institutlarının və qlobal maliyyə strukturlarının islahatı çoxdan gecikib”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “BRICS plus/autreach” formatında keçirilən plenar iclasda deyib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadiyyatda çəkisi son onilliklər ərzində kəskin şəkildə dəyişib: “Lakin bu, xüsusən də Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və digər çoxtərəfli inkişaf banklarının idarəetmə sistemlərində adekvat şəkildə əks olunmayıb”, - Putin əlavə edib.
O, bildirib ki, sülh və təhlükəsizliyin qorunmasında mərkəzi rol oynamaq məqsədi daşıyan BMT-nin strukturunun 21-ci əsrin reallıqlarına uyğunlaşdırılması gələcək səmərəli fəaliyyət üçün vacibdir.
Digər zəruri dəyişikliklər arasında o, “liderləri bu zalda olanlar da daxil olmaqla, Təhlükəsizlik Şurasında, Asiya, Afrika və Latın Amerikası ölkələrinin digər əsas orqanlarında artan təmsilçiliyinin genişləndirilməsi”nə diqqəti cəlb edib.
Qeyd edək ki, BMT-də islahatların aparılması zərurəti son illərdə geniş müzakirə olunmaqdadır. Təşkilatın baş katibi Antonio Quterreş özü də islahatlara çağırıb. O, bunu həm BMT Təhlükəsizlik Şurasının, həm də Bretton-Woods sisteminin 1945-ci ildəki güc balansını əks etdirməsi ilə izah edib.
Xatırladaq ki, Kazanda keçirilən BRİKS sammitində BMT baş katibi A.Quterreş də iştirak edir.
Xatirə SADİQ