Yelisey Sarayından Makronun gizlətməyə çalışdığı ağ paketlə bağlı açıqlama - FOTOLAR
Fransa prezidentinin ofisi Kiyevə gedən qatarda avropalı liderlərin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı rusiyalı təbliğatçıların yaydığı saxta xəbərə cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, Yelisey sarayı bu barədə “X” platformasında yazıb.
Yelisey sarayı rus saxtakarlığını təkzib etmək üçün Avropa liderlərinin Ukrayna paytaxtına apardıqları qatarın içindən başlıqlar və izahatlarla iki fotoşəkil yayıb.
Birinci fotoda stolun üstündəki salfet göstərilir və belə izahat verilir: “Bu, salfetdir. Burnunuzu silmək üçün”.
İkinci fotoda Avropa ölkələrinin liderlərinin nümayəndələri təsvir olunub və belə başlıq yazılıb: “Bu, sülhü təşviq etmək üçün Avropa birliyidir”.
Bununla da Yelisey sarayı rusların “gördüyü kokain paketi”nin əslində Emmanuel Makronun istifadə etdiyi salfet olduğunu vurğulayıb.
Xatırladaq ki, Avropa liderlərinin Kiyevə səfərindən videonun dərcindən sonra rusiyalı təbliğatçılar Makronun Fridrix Merts və Kir Starmerlə oturduğu masada guya “ağ toz paketi” haqqında saxta məlumat yaymağa başlayıblar.
Ruslar “narkoman”larla bağlı saxtakarlığı qızışdırmaq üçün o qədər çalışıblar ki, onlar nəinki rus sosial şəbəkə istifadəçilərinin istehzalı şərhlərini yayıblar, hətta hansısa narkoloqdan münasibət öpyrəniblər.
Marqarita Simonyan isə hətta masanın üstündə təkcə “paket” deyil, həm də “kokain üçün qaşıq” da “görməyi” bacarıb.
Xatirə SADIQ