“Putin İstanbula gəlməsə…” - Andrey Yermak
“Əgər Rusiya prezidenti Vladimir Putin Türkiyədə danışıqlardan imtina edərsə, bu, Rusiyanın müharibəni dayandırmaq istəmədiyini və istənilən danışıqlara hazır olmadığına dair son siqnal olacaq”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “Kopenhagen Demokratik Sammiti-2025”in sessiyasında onlayn çıxışı zamanı deyib.
O, əlavə edib ki, hələlik rusiyalılar Putinin Türkiyədəki danışıqlarda iştirakı ilə bağlı heç bir cavab verməyib. Amma Kiyev prezident Zelenskinin hazır olduğunu və Türkiyədə olacağını təsdiqləyib.
Yermak xatırladıb ki, mayın 12-də ABŞ prezidenti Donald Trampın da hər iki liderin Türkiyədə olmasını gözlədiyinə dair çox güclü və aydın bəyanatı olub.
Prezident Aparatının rəhbəri hesab edir ki, Rusiya danışıqlardan imtina edəcəyi təqdirdə ABŞ və bütün dünyanın buna sərt reaksiyası olmalıdır. Xüsusilə, Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edilməli və Ukraynaya hərbi yardım artırılılmalıdır.
O, əlavə edib ki, Ukrayna üçün təhlükəsizlik təminatlarının formalaşdırılması üzərində iş davam edir.
“Lakin ən ciddi və ən güclü təminat Ukraynanın güclü, hazırlıqlı, təlim keçmiş Silahlı Qüvvələridir. Biz tərəfdaşlarımızla bunun üzərində işləyirik. Biz həmçinin ABŞ ilə faydalı qazıntılar üzrə sazişin gələcək təhlükəsizlik təminatları sisteminin elementlərindən birinə çevriləcəyini gözləyirik”, - deyə Yermak yekunlaşdırıb
Xatirə SADIQ