“Putinin dayanacağını düşünən hər kəs axmaqdır” - Co Bayden
“Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə yanaşması müasir sakitləşdirmə siyasətidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Co Bayden BBC-yə müsahibəsində deyib.
Bayden sakitləşdirmə siyasətindən danışarkən 1930-cu illərin sonlarında Avropada genişmiqyaslı müharibədən qaçmaq üçün Adolf Hitlerin tələblərini təmin etməyə çalışan Böyük Britaniyanın keçmiş baş naziri Nevill Çemberlenin siyasətini nəzərdə tutub.
Onun fikrincə, Putin Ukraynanı Rusiyanın bir hissəsi hesab edir. “O, inanır ki, Ukraynaya tarixi hüquqları var. O, Sovet İttifaqının dağılması faktı ilə barışa bilmir. Və onun dayanacağını düşünən istənilən kəs sadəcə axmaqdır”, - deyə Bayden vurğulayıb.
Bayden qeyd edib ki, Ukraynanı müstəqilliklərini təmin etmək üçün lazım olan hər şeyi ABŞ təmin edib.
“Və əgər Putin həqiqətən yeni bir addım atarsa, biz daha aqressiv cavab verməyə hazır idik”, - deyə Bayden vurğulayıb.
Onun sözlərinə görə, nüvə gücləri ilə üçüncü dünya müharibəsi perspektivindən qaçmağa çalışıb: “Və biz bundan qaçdıq. Vəziyyət onun üçün həqiqətən çətinləşərsə, Putin nə edəcək? O, taktiki nüvə silahını tətbiq etməklə hədələyəcək. Bu, oyun və ya rulet deyil”.
Xatirə SADİQ