Putinin köməkçisindən qorxunc iddia
“Ola bilsin ki, 2025-ci ildə Ukrayna, ümumiyyətlə, tamamilə mövcudluğunu dayandırsın”.
SAVASHMEDİA.az xəbər verir ki, bu qorxunc iddianı “Komsomolskaya pravda” nəşrinə müsahibəsində Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev səsləndirib.
“ABŞ-nin yeni administrasiyasının nümayəndələri, xüsusən də Trampın təyin etdiyi müşavirlər bəzi çıxışlarında etiraf edirlər ki, Rusiya artıq Rusiya Federasiyasının tərkibinə daxil olmuş əraziləri heç bir halda nə Ukraynaya, nə də başqasına verməyəcək...” sualına cavab verən Patruşev deyib ki, bu, heç müzakirə olunmur.
“Vaxtilə Kiyevdən idarə olunan ərazilər beynəlxalq hüquqa, Rusiya Federasiyasının qanunlarına və bu regionların qanunvericiliyinə uyğun olaraq vətəndaşların iradəsini ifadə etməsi nəticəsində Rusiyanın tərkibinə daxil olub”, - deyə prezident köməkçisi əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə bağlı təmas xətt dəyişməz olaraq qalır: “Xüsusi Hərbi Əməliyyatın (Ukraynadakı müharibəyə Rusiyanın verdiyi ad – red.) vəzifələrinin həlli bizim üçün vacibdir. Onlar məlumdur və dəyişməyib. Rusiya prezidenti Vladimir Putin onları dəfələrlə sadalayıb. Konstitusiyaya uyğun olaraq, ölkəmizin ayrılmaz hissəsi olan DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin, Krım Respublikasının və Sevastopolun (Ukraynanın işğal olunmuş əraziləri – red.) Rusiya Federasiyasına daxil olmasını dünyanın tanıması da vacibdir”.
Bundan sonra Patruşev iddia edib ki, Ukrayna xalqı ruslara Rusiya ilə çoxəsrlik əlaqələrə malik olan yaxın, qardaş olaraq qalır, amma “ukraynalılığa” aludə olmuş Kiyev təbliğatçıları bunun əksini iddia edirlər: “Biz Ukraynada baş verənlərə biganə deyilik. Neonasist ideologiyasının zorakılıqla tətbiqi və qızğın rusofobiyanın Ukraynanın bir vaxtlar çiçəklənən şəhərlərini, o cümlədən Xarkov, Odessa, Nikolayev və Dnepropetrovskı məhv etməsi xüsusilə narahatedicidir. Ola bilsin ki, bu il Ukrayna tamamilə mövcudluğunu dayandırsın”.
O, bildirib ki, Rusiya yalnız Tramp administrasiyası ilə danışıqlar aparacaq, çünki Avropa ölkələri bu hüququ itirib: “Tramp amilini nəzərə alaraq gələcək inkişafın konkret perspektivlərindən danışsaq, onun bəyanatlarına hörmətlə yanaşırıq. Hesab edirəm ki, Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya və ABŞ arasında aparılmalıdır. London və ya Brüssellə danışacaq heç nə yoxdur. Məsələn, Avropa İttifaqı (Aİ) rəhbərliyinin Avropada sabitlikdə maraqlı olan və Rusiyaya münasibətdə balanslı mövqe tutan Macarıstan, Slovakiya, Avstriya, Rumıniya və bəzi digər Avropa ölkələri kimi bir çox üzvlərinin adından artıq çoxdan danışmaq hüququ yoxdur”.
Xatirə SADİQ