“Putinlə süh istəyirdiniz, alın, bu da sizə Putinin cavabı...” – Aİ nümayəndəsi

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna taxılını daşıyan mülki gəmilərə hücumlarının artmasına cavab olaraq maraqlı ölkələri Moskvaya təzyiq göstərməyə çağırıb.

Oct 10, 2024 - 17:26
“Putinlə süh istəyirdiniz, alın, bu da sizə Putinin cavabı...” – Aİ nümayəndəsi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i Brüsseldəki brifinqdə Aİ nümayəndəsi Peter Stanonun səsləndirdiyi bəyanata istinadən məlumat yayıb. 

Peter Stano bildirib ki, Rusiya oktyabrın 9-da biri Panamadan, ikincisi Palaudan olan iki gəmini ballistik raketlərlə vurub, bir neçə gün əvvəl Sent Kitts və Nevisdən olan gəmiyə hücum edilib, keçən ay Misir üçün taxıl daşıyan gəmi, bundan öncə isə Türkiyədən olan gəmi bombalanıb. 

“Bu ölkələrin hamısı Putinin dost adlandırdığı ölkələrdir”, - deyə Stano nəzərə çatdırıb.

Onun sözlərinə görə, Rusiya gündəlik hücumları zamanı onsuz da Ukraynanın taxıl anbarlarını, liman infrastrukturunu məhv etməyə və Ukrayna taxılını oğurlamağa davam edir. Ukrayna taxılını daşıyan gəmilərlə bağlı son hərəkətlər isə həmin hücumlara əlavədir. 

“Bütün bu hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır. Bu onu sübut edir ki, Rusiya Ukrayna və ya Avropada deyil, Asiya və Afrikadakı həssas adamlar üçün milyonlarla insanı riskə ataraq qidanı öz silahına çevirməyə davam etməkdə qərarlıdır. Bu, Putinlə sülhün mümkün olduğunu deyənlərə Putinin cavabıdır”, - Aİ nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Aİ bütün dünya ölkələrini Rusiyanın naviqasiya azadlığına və qlobal ərzaq təhlükəsizliyinə hücumlarını pisləməyə çağırır: “Biz həmçinin onları Rusiya ilə əlaqə saxlamağa, bu hücumları və Ukraynaya qarşı qeyri-qanuni təcavüzü dərhal dayandırmaq üçün ona təzyiq göstərməyə çağırırıq”.

Qeyd edək ki, Rusiya ordusu  oktyabrın 9-da axşam saatlarında Odessa vilayətinin liman infrastrukturuna raket zərbəsi endirib. Nəticədə, Panama bayrağı altında üzən mülki gəmi vurulub və 7 nəfər öldürülüb.

Xatirə SADİQ