“Qazprom”un ixracı “dibə” düşüb
Rusiya sovet dövründən bəri hökmranlıq etdiyi Avropa qaz bazarında öz mövqeyini itirməkdə davam edir.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Avropa İttifaqına (Aİ) qaz nəql etmək üçün mövcud olan son boru xətti olan “Türk axını”nın statistikasına əsaslanaraq “Reuters” hesablayıb ki, 2025-ci ilin yanvar-iyul aylarında “Qazprom” qalan Avropa müştərilərinə 9,93 milyard kubmetr qaz nəql edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə, “Qazprom” Avropaya 18,3 milyard kubmetr satıb. Bu isə o deməkdir ki, həcmlər, demək olar, iki dəfə azalıb. Belə temp davam edərsə, ilin sonuna qədər “Qazprom” Avropa ölkələrinə cəmi 17 milyard kubmetr qaz ixrac edəcək. Bu da 1970-ci illərin əvvəllərindən bəri yeni antirekord olacaq.
“Qazprom”in ixrac qabiliyyəti sövet dövrü ilə müqayisə olunub. Məlum olub ki, SSRİ-nin 1975-ci ildə Avropaya ixrac etdiyi qazın həcmi ildə 19,3 milyard kubmetr, 1980-ci ildə isə Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra artıq 54,8 milyard kubmetr təşkil edib. “Qazprom” 2018–2019-cu illərdə Avropaya ildə 170-180 milyard kubmetr qaz nəql edirdi. Ukraynanın işğalından sonra bu həcmlər 2023-cü ildə 28 milyard kubmetrə düşüb, 2024-cü ildə isə 32 milyard kubmetrə çatıb.
“Qazprom” 2025-ci ilin əvvəlindən Ukrayna ərazisindən tranzitini itirib. “Türk axını” ilə tədarük illik müqayisədə 7% artsa da, bu, ildə 140 milyard kubmetrdən çox ötürmə qabiliyyətinə malik Ukrayna boru kəmərinin olmamasını kompensasiya etmək üçün kifayət etmir.
Dünyanın ən böyük sübut edilmiş qaz ehtiyatlarını işlədən “Qazprom” onu satmaq imkanından məhrum olub və hasilatı azaltmaq məcburiyyətində qalıb. “Rosstat”ın məlumatına görə, ilin birinci yarısında Rusiyada qaz hasilatı illik müqayisədə 3,2%, LNG isə 5,2% azalıb.
Ötən il “Qazprom”un hasilatı 416,19 milyard kubmetr təşkil etsə də, onun yalnız 355,23 milyardı xarici və daxili bazarlarda satılıb. Nəticədə şirkətdə 60 milyard kubmetrə yaxın satılmamış qaz qalıb. Bu, bəzi qaz hasil edən ölkələrin illik hasilatı ilə müqayisə olunan həcmdən (BƏƏ-də 55 milyard kubmetr) və illik istehlakdan, məsələn, Polşada (20 milyard kubmetr) üç dəfə çoxdur.
Bu qazı xaricə satmaq cəhdləri nəticəsiz qalıb: Çinlə yeni qaz müqaviləsi imzalanmayıb və Türkiyədə qaz qovşağı layihəsi bağlanıb.
“Reuters” yazır ki, Rusiya məmurları qazdan istifadə yolu tapmağa çalışırlar. Məlumat mərkəzləri və süni intellekt qurğuları üçün elektrik stansiyalarına qaz tədarükündən tutmuş, qazdan əldə edilən elektrik enerjisi ilə kömür sənayesini dəstəkləməyə kimi variantlar nəzərdən keçirilir.
Xatirə SADİQ