Qərbdəki təxribatların arxasında Rusiya dayanır – “The Wall Street Journal”

Qərbin xüsusi xidmət orqanları ABŞ və Kanadaya uçan yük və ya sərnişin təyyarələrinin göyərtəsində yanğın törətmək məqsədilə Rusiyanın gizli əməliyyat keçirdiyini iddia edib. 

Nov 5, 2024 - 11:03
Qərbdəki təxribatların arxasında Rusiya dayanır – “The Wall Street Journal”

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb. 

Rusiyanın bundan ötrü DHL vasitəsilə iki yandırıcı qurğu göndərdiyi, həmin qurğuların iyul ayında Almaniyanın Leypsiq şəhərində və İngiltərənin Birmingem şəhərindəki DHL logistika mərkəzlərində partladığı vurğulanıb. 

Avropadakı müstəntiqlər və casus agentlikləri qurğuların necə hazırlandığını müəyyənləşdiriblər. Bunlar yüngül alışan maqnezium əsaslı maddə ilə doldurulmuş elektrik masajçıları olub.
 
Təhlükəsizlik xidmətlərinin əməkdaşları və istintaqla tanış olan şəxslər bunun Rusiyanın böyük sui-qəsdinin bir hissəsi olduğu qənaətinə gəliblər.

WSJ xəbər verir ki, Litvadan Böyük Britaniyaya göndərilən elektrik masajçıları bu cür yandırıcı cihazların Şimali Amerikaya uçan təyyarələrə necə keçiriləcəyini öyrənmək cəhdi kimi görünür.

Avropa hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, Litva polisi bu ölkədən dörd alışdırıcı qurğu göndərən şübhəli şəxsi həbs edib. Məmur qeyd edib ki, şübhəli şəxs özünü İqor Prudnikov kimi təqdim edib, lakin onun əsl adı Aleksandr Suranovasdır. Müstəntiqlər hesab edir ki, Rusiyanın xəfiyyə xidmətləri ondan etibarlı şəxs kimi istifadə edib.

WSJ-yə şərhində Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın aidiyyəti ilə bağlı heç bir rəsmi ittiham eşitməyiblər. “Bunlar medianın ənənəvi əsassız insinuasiyalarıdır”, - deyə Peskov əlavə edib.

Avropa hakimiyyətləri hesab edirlər ki, bu təxribat kampaniyasının, o cümlədən Britaniya və Çexiyadakı yanğınların, Baltikyanı ölkələrdə boru kəmərlərinə və məlumat kabellərinə hücumların, İsveç və Finlandiyada su təchizatına müdaxilələrin arxasında Rusiya dayanır. 

DHL logistika mərkəzlərində baş verən yanğınlardan bir neçə ay sonra Britaniyanın hər iki kəşfiyyat xidmətinin rəhbəri Rusiyanın təxribat əməliyyatları haqqında məlumat verib. Sentyabrda Britaniyanın Xarici Kəşfiyyat Xidməti olan MI6-nın rəhbəri Riçard Mur bəyan edib ki, Rusiya casus agentlikləri davranışlarında bir qədər vəhşiləşiblər.

Bir ay sonra Britaniyanın daxili kəşfiyyat xidməti olan MI5-in rəhbəri Ken Makkallum xəbərdarlıq edib ki, Rusiya yanğınlar, təxribat və sair təşkil edir. Onun sözlərinə görə təhlükəli əməllər artan ağılsızlıqla həyata keçirilir.
 
Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Almaniyaya xəbərdarlıq etmişdi ki, Rusiya Ukraynanı silahla təchiz edən alman silah nəhəngi “Rheinmetall” şirkətinin baş direktorunu öldürməyi planlaşdırır. 

Xatirə SADİQ