Qəzzada atəşkəs müzakirə edildi – Türkiyədə
ABŞ dövlət katibi Antoni Blinken Türkiyə rəhbərliyi ilə danışıqlar zamanı “HƏMAS”ın Qəzzada atəşkəsə razılıq verməsi zərurətini müzakirə edib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Antoni Blinken bildirib.
“Prezident Ərdoğan və dövlət katibi Fidan ilə söhbətlərimdə “HƏMAS”ın Qəzzada bu [silahlı münaqişənin] sona çatmasına kömək edəcək atəşkəsə “hə” deməsi zərurətindən danışdıq. Biz Türkiyənin “HƏMAS” ilə danışıqlarda [atəşkəs] bir nəticəyə gəlmək üçün öz səsindən istifadə etməklə oynaya biləcəyi rolu həqiqətən yüksək qiymətləndiririk”, - deyə Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra vurğulayıb.
Blinken həmçinin türkiyəli təmkarı ilə görüşdə ABŞ və Türkiyənin Suriyada “İslam Dövləti”nin qarşısını almaq üçün səylərinin davam etdirilməsinin vacibliyini müzakirə etdiyini nəzərə çatdırıb.
“Bizim ölkələrimiz bu təhlükənin yenidən baş qaldırmaması naminə uzun illər ərzində İŞİD-in ərazi xilafətinin məhvini təmin etmək üçün çox çalışıb və çox şey verib. Bizim bu səyləri davam etdirməyimiz vacibdir”, - deyə Blinken jurnalistlərə söyləyib.
Amerika diplomatiyasının rəhbəri “X” platformasında bildirib ki, cümə axşamı Türkiyə prezidenti ilə regional təhlükəsizlik və Suriyada siyasi keçidi müzakirə edib.
“Keçid Suriyanın rəhbərliyi altında olmalı, bütün suriyalıları əhatə etməli, mülki insanların həyatını qorumalı və humanitar yardımın ehtiyacı olanlara çatmasına imkan verməlidir”, - deyə Blinken yazıb.
Xatirə SADİQ