Qəzzadakı fələstinliləri Sudan və Somaliyə köçürmək istəyirlər

Birləşmiş Ştatlar və İsrail Qəzza zolağından fələstinlilərin köçürülməsi üçün öz ərazilərindən potensial yer kimi istifadə edilməsini müzakirə etmək təklifi ilə Şərqi Afrikanın üç ölkəsinin rəsmilərinə müraciət edib.

Mar 14, 2025 - 14:05
Qəzzadakı fələstinliləri Sudan və Somaliyə köçürmək istəyirlər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Amerika və İsrailin rəsmi şəxslərinə istinadən məlumat yayıb.

Agentlik yazır ki, Amerika və İsrail tərəfləri Sudan, Somali və Somalinin Somaliland kimi tanınan separatçı bölgəsi ilə əlaqə saxlayıblar. Hər üç bölgənin yoxsul olduğunu və bəzi hallarda zorakılığa məruz qaldığını vurğulayan agentlik qeyd edib ki, bu təklif Trampın Qəzzadakı fələstinliləri “gözəl yerə” məskunlaşdırmaq məqsədini də şübhə altına alır.

Sudan nümayəndələri bildiriblər ki, ABŞ-nin təkliflərini rədd ediblər, Somali və Somaliland təmsilçiləri isə “Associated Press”ə hər hansı əlaqədən xəbərsiz olduqlarını vurğulayıblar.

Məxfi diplomatik təşəbbüslə bağlı anonimlik şərti ilə danışan Amerika və İsrail məmurları Somali və Somaliland ilə, amerikalıların isə Sudanla təmaslarını təsdiqləyiblər. Onların sözlərinə görə, bu səylərin nə dərəcədə irəlilədiyi və müzakirələrin hansı səviyyədə getdiyi bəlli deyil.

İsrailin müzakirələrdə aparıcı rol oynadığına diqqəti cəlb edən amerikalı rəsmi şəxslər bildiriblər ki, üç potensial ölkə ilə ABŞ və İsrailin ayrı-ayrılıqda təması keçən ay başlayıb.

Xatırladaq ki, Tramp ötən ay İsrailin baş naziri Binyamin Netanyahu Oval kabinetdə görüşü zamanı fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçürülməsi ideyasını səsləndirmişdi. O, hətta Amerika hərbçilərinin köməyi ilə Qəzza zolağına nəzarətin ələ keçirilməsinin mümkünlüyünü istisna etməmişdi. 

İsrailin baş naziri bunu “cəsarətli baxış” kimi qiymətləndirsə də, Qəzzadakı fələstinlilər bu təklifi rədd etdilər.

İnsan hüquqlarını müdafiə təşkilatları bu addımın potensial müharibə cinayəti kimi qiymətləndiriləcəyini bəyan etdilər.

Xatirə SADİQ