Qrenlandiya Vaşinqtonla əlaqələrin mümkün modelini araşdırır

Qrenlandiyanın ABŞ-dəki nümayəndəsi bu yaxınlarda Sakit okean ölkəsinin səfiri ilə görüşərək Arktika adası ilə Vaşinqton arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar aça biləcək siyasi modelini müzakirə edib.

Feb 6, 2025 - 16:33
Qrenlandiya Vaşinqtonla əlaqələrin mümkün modelini araşdırır

SAVASHMEDİA.az bu barədə “Amerikanın səsi”nə istinadən xəbər verir.

Qrenlandiya nümayəndələri Sakit Okean ölkələri ilə Vaşinqton arasında Azad Assosiasiya haqqında Sazişlər (Compacts of Free Association) kimi tanınan qarşılıqlı fəaliyyət modelinin müzakirə edildiyi görüşlə bağlı “Amerikanın Səsi”nə şərh verməyiblər. 

Amma Mikroneziya Federal Dövlətlərinin ABŞ-dəki səfiri Cekson Soram “Amerikanın Səsi”nə bildirib ki, söhbətlər yanvarın sonlarında baş tutub və həmin müqavilələr çərçivəsində iqtisadi yardım şərtləri, təhlükəsizlik və müdafiə müddəaları ilə bağlı fundamental məsələlərə toxunulub.
 
Qeyd edək ki, həmin müqavilələr ABŞ-yə iqtisadi yardım müqabilində üç strateji əhəmiyyətli ada dövlətinə – Marşal Adaları Respublikası, Mikroneziya Federativ Ştatları və Palau Respublikasına hərbi giriş imkanı verir. 

Soram əlavə edib ki, təkcə Qrenlandiyanın deyil, həm də Danimarkanın digər özünüidarəetmə ərazisi olan Farer adalarının nümayəndəsi ilə də görüşüb. 

“Amerikanın Səsi”nə açıqlamasında Trampın birinci prezidentliyi dönəmində Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri olmuş, hazırda “Amerika Qlobal Strategiyaları” şirkətinin idarəedici tərəfdaşı olan Aleksandr Qrey deyib ki, o, Sakit okean səfirlərinə belə görüşlərə qatılmağı tövsiyə edib. 

“[Qrenlandiyalılar] Danimarkadan müstəqillik istəyirlər. Azsaylı əhalisi olan və dünyanın ən az məskunlaşdığı ərazilərdən biri olan müstəqil Qrenlandiya tezliklə Pekin və Moskvanın təsiri altına düşəcək və onun suverenliyi pozulacaq”, - deyə Qrey vurğulayıb. 

Qrey hesab edir ki, Moskva və Pekinin Arktikada hökmranlığı ABŞ üçün nadir strateji təhlükə yaradır. Azad Assosiasiya Sazişi isə Qrenlandiyaya suverenliyini saxlamağa, ABŞ-yə isə onun qorunmasına təminatla bağlı imkan verə bilər.

Xatirə SADİQ