Trampın nümayəndəsi Zelenskini təklifi ilə razılaşmadı – “Bu, qeyri-realdır”
Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukraynanın yenidən nüvə dövləti statusu alması fikrini qəbul etməyib.
SAVASHMEDİA.az xəbəbr verir ki, bu barədə Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.
Kelloq belə ssenarinin qeyri-real olduğuna eyham vurub: “Onların nüvə silahlarını geri qaytarma şansları haradasa sıfırla cüzi arasındadır. Gəlin, dürüst olaq... bu baş verməyəcək”.
Kelloq qeyd edib ki, Ukraynanın nüvə silahı ilə təmin olunması həll yolu deyil.
“Unutmayın, prezident (Tramp – red.) demişdi ki, biz sağlam düşüncəli hökumətik. Kimsə belə şey deyəndə nəticəyə və ya potensiala baxın. Bu, sağlam düşüncənizdən istifadə deməkdir”, - deyə Kelloq əlavə edib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində demişdi ki, əgər ölkəsini NATO-ya qəbul etmirlərsə, heç olmasa, ona Rusiyanı çəkindirmək üçün nüvə silahlarını qaytarmaq lazımdır.
Xatirə SADİQ