Moldovalı oliqarx Kişinyova gətirildi
Əvvəllər “Moldovanın sahibi” kimi tanınan oliqarx Vlad Plaxotnyuk Yunanıstandan Moldovaya ekstradisiya edilib.
SAVASHMEDİA.az bu barədə Moldovanın “Newsmaker” nəşrinə istindən xəbər verir.
Sentyabrın 25-də səhər Vlad Plaxotnyuk Afinadan birbaşa reyslə müşayiət altında Kişinyova gətirilib. Moldova mediasında yayımlanan videodan görünür ki, sərnişinlər təyyarəni tərk etdikdən sonra oliqarx mühafizə altında göyərtədən çıxarılır.
Ədliyyə Nazirliyi bundan öncə bildirib ki, məhbus Kişinyovdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılacaq.
Plaxotnyuk iyulun 22-də Dubaya uçmaq ərəfəsində Yunanıstanda saxlanılıb. Moldovada ona qarşı üç iş üzrə həbs qərarı çıxarılıb. Bunlardan ən səs-küylü olanı 2014-cü ildə Moldova banklarından “milyard dollarlıq oğurluq”la bağlıdır. Prokurorluğun məlumatına görə, Plaxotnyuk hazırda Rusiyada gizlənən İlan Şorun nəzarətində olan şirkətlər vasitəsilə 40 milyon dollardan çox pul alıb. Bu iş 2023-cü ildə məhkəməyə göndərilib. 2025-ci ilin fevralında Plaxotnyuk İnterpolun axtarışına verilib.
Xatirə SADİQ