ABŞ Senatı yeni qanun layihəsi hazırladı - “Əgər Kreml…”

ABŞ Senatında Kremlin Ukrayna ilə sülh sazişini imzalamaqdan imtinasına görə Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsi hazırlanıb. 

Apr 2, 2025 - 14:17
ABŞ Senatı yeni qanun layihəsi hazırladı - “Əgər Kreml…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Times” yazıb. 

Qanun layihəsini respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blumental təqdim ediblər. Üstəlik, həm respublikaçıları, həm də demokratları təmsil edən 50 senator onun həmmüəllifi olub.

Bu təşəbbüsə görə, Rusiyadan neft, qaz, uran və digər resursları alan ölkələrin mallarına 500 faizlik rüsum tətbiq etmək təklif olunur. Bundan başqa, Rusiyadan resurslar alan ölkələrə rüsumlardan əlavə, Rusiyanın təcavüzünü dəstəkləyən şəxslərə qarşı sanksiyaları nəzərdə tutulur. 

Məhdudiyyətlərin sülh danışıqları pozulduğu və ya razılaşma əldə edilsə də, Rusiyanın onu pozduğu halda qüvvəyə minməsi təklif edilir. 

“Rusiyaya qarşı bu sanksiyalar hazırdır, Senatda və Nümayəndələr Palatasında səsverməyə çıxarılarsa, iki partiyanın və iki palatanın dəstəyini alacaq”, - deyə senatorların birgə bəyanatında deyilir. 

Onlar ümid edirlər ki, prezident Donald Tramp və komandası 2025-ci ildə müharibəyə son qoyacaq, azad və demokratik Ukraynanın qorunub saxlanmasını təmin edəcək.

Qeyd edək ki, bu yaxınlarda Tramp bildirdi ki, rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna məsələsində sülhə dair razılığa gələ bilməsə, Rusiya neftinə 25-50 faiz rüsum tətbiq edəcək. Ağ Ev rəhbəri onu da qeyd etdi ki, Rusiyadan neft alan xarici şirkətlər ABŞ-də bizneslə məşğul ola bilməyəcəklər. 

Eyni zamanda Tramp nəzərə çatdırdı ki, o, Putinin Ukrayna prezidenti Vladimir Zelenskinin qeyri-legitimliyi və ölkədə kənar idarəetmənin tətbiqi təklifi barədə bəyanatlarına çox hiddətlənib.

Xatirə SADİQ