Putin miqrant xidmətinə zəngin məmuru təyin etdi
Rusiya prezidenti Vladimir Putin ölkənin ən zəngin güc strukturları məmurlarından biri hesab olunan Andrey Kikotu Daxili İşlər Nazirliyinin yeni miqrant xidmətinə rəhbər təyin edib.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
Nəşr hesab edir ki, Daxili İşlər Nazirliyi rəisinin birinci müavini - Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəisi vəzifəsi indiyədək ölkənin baş prokurorunun müavini olmuş Andrey Kikot üçün yeni vəzifənin yaradılması deməkdir.
Kikot sovetlər dönəmində SSRİ Daxili İşlər Nazirliyinin yüksək rütbəli funksioneri, keçmiş senator və Daxili İşlər Nazirliyinin Moskva Universitetinin təsisçisi, 2012-2013-cü illərdə Kremlin kadrlar şöbəsinə rəhbərlik etmiş Vladimir Kikotun oğludur.
“Forbes” 2021-ci ildə Andrey Kikotu 6,9 milyon rubl (bir il əvvəl bu, 20,9 milyon rubl idi) şəxsi sərvəti ilə Rusiyanın ən varlı güc strukturları məmurlarının onluğuna daxil etmişdi. Üstəlik, həyat yoldaşı Diananın qazancı sayəsində məmur ailəsinin ümumi gəliri, 37,7 milyon rubla çatnışdı.
“The İnsider” 2022-ci ildə müəyyənləşdirmişdi ki, Kikot ailəsi Rusiyanın ən iri tikinti (“Setl Group”) sahiblərindən biri olan Maksim Şubarevlə əməkdaşlıq edir. Özəlliklə, prokurorun həyat yoldaşının və Şubarevin mülkiyyətinə tikinti texnikasının lizinqində iştirak edən “Enerqostroytex” MMC daxil idi. Diana Kikot və ərinin qohumları çox milyon dollarlıq dövriyyəyə malik başqa şirkətlərə də sahib idilər. Nəşrin yazdığına görə, baş prokurorun müavini indiyədək şəriki Şubarevin biznesini qoruyub və ona dövlət podrat işlərini almağa kömək edib. Məsələn, rayon prokurorluqlarından – öz əməkdaşlarının mənzillə təmin edilməsi kimi.
“Novaya qazeta” yazıb ki, 2012-ci ildə Andrey Kikot Londonda yaradılmış Beynəlxalq Antikorrupsiya Komitəsinin hədəfində olan Rusiya məmurları, güc strukturları məmurları və hakimlər siyahısına daxil edilib. Həmin vaxt Kikot Sankt-Peterburq prokurorunun müavini vəzifəsini tuturdu.
1-ci dərəcəli dövlət ədliyyə müşaviri Andrey Kikotun hüquq elmləri namizədidir. Lakin “Dissernet” icmasının qənaətinə görə, onun “Cinayətkarlığa müqavimət üzrə ideoloji və nəzəri baxışların təkamülü” (2006-cı ildə müdafiə olunub) dissertasiyası əslində plagiatdır.
“Kikot A.V.-nin dissertasiyasının əsas hissəsi demək olar ki, S.M.Şapiyevin “Cinayət və cəmiyyət (Kriminoloji nəzəri və tətbiqi tədqiqatlar)” (dekabr 2000) doktorluq dissertasiyasının mətni ilə üst-üstə düşür, lakin müəllifə və ya bu əsərə heç bir istinad yoxdur”, - “Dissernet” eksperti deyir.
Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib ki, yeni xidmətin yaradılması miqrasiya məsələlərini “daha effektiv” həll etməyə imkan verəcək və bu işin “dinamikası”nı artıracaq. Onun sözlərinə görə, administrasiyanın əsas vəzifəsi “miqrasiya proseslərinin sadələşdirilməsi” və yeni gələnlərin “qanunsuz fəaliyyətinin” azaldılması tədbirləri olacaq.
“The Moscow Times” xatırladıb ki, Daxili İşlər Nazirliyində oxşar funksiyaları olan Miqrasiya Məsələləri Baş İdarəsi mövcuddur.
Xatirə SADİQ