Qrenlandiyadakı seçkilərdə “Demokraatit” partiyası qalib gəldi

Qrenlandiyada keçirilən parlament seçkilərində sağ mərkəzçi “Demokraatit” partiyası ən çox səs toplayıb.

Mar 12, 2025 - 12:49
Qrenlandiyadakı seçkilərdə “Demokraatit” partiyası qalib gəldi

SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.

İkinci yeri “Naleraq” partiyası tutub. Bu partiya dərhal Danimarkadan ayrılma prosesinə başlamaq və ABŞ ilə daha sıx əlaqələr qurmaq istəyir.

Seçkinin qalibi olan “Demokraatit” partiyası da müstəqilliyi dəstəkləyir, lakin bu məsələyə mərhələli yanaşmanın tərəfdarıdır.

Agentlik qeyd edir ki,” Demokraatit”in qələbəsi gözlənilməz oldu. Bu onu göstərir ki, Qrenlandiyada çoxları səhiyyə, təhsil, mədəni irs və digər sosial siyasətləri eyni dərəcədə qiymətləndirirlər. 

Qrenlandiyanın Baş naziri Mute Egedenin rəhbərlik etdiyi “Ataqatigiit” partiyasının qalib gələcəyi, “Siumut”un isə ikinci olacağı gözlənilirdi. Bu iki partiya son illərdə Qrenlandiya siyasətində dominantlıq edir, indi müvafiq olaraq üçüncü və dördüncü yeri bölüşürlər. 

Məlum olduğu kimi, Qrenlandiyada parlament seçkiləri ABŞ prezidenti Donald Trampın adaya nəzarəti ələ keçirmək niyyəti ilə bağlı bəyanatları fonunda baş tutub. 

Bu yaxınlarda Tramp yenidən ölkəsinin “bu və ya digər şəkildə Qrenlandiyanı alacağına” əmin olduğunu bildirdi. O, qrenlandiyalıları zənginləşdirməyə və adanı "əvvəllər mümkün hesab etmədiyiniz yüksəkliklərə" qaldıracağını vəd etdi.

Qrenlandiyanın baş naziri buna cavab olaraq dedi ki, ABŞ prezidenti qrenlandiyalıların amerikalı olmaq istəmədiklərini anlamalıdır. 

Xatirə SADİQ