Polşa vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə etdi

Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiya Federasiyasına səfərdən imtina etməyi tövsiyə edib.

Jul 18, 2025 - 15:53
Polşa vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa XİN-nin X sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşılıb.

Məlumatda nəzərə çatdırılır ki, “Rusiyada konsulluq işçilərinin sayının azalması səbəbindən Polşa vətəndaşlarına yardım göstərmək imkanları məhduddur”.

Rusiya ötən həftə Polşanın Kalininqraddakı konsulluğunun fəaliyyət göstərməsi üçün verdiyi razılığı ləğv etdiyini bildirib. Konsulluq avqustun 29-da bağlanacaq.

Rusiya XİN öz qərarını Polşa hakimiyyətinin Krakovdakı Rusiya konsulluğunu bağlamaq qərarı ilə əsaslandırmaq istəyib. Bu addım 2024-cü ilin mayında Varşavada ticarət mərkəzinin yandırılmasında Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu müəyyən olunduqdan sonra atılıb. 

Bu yaxınlarda isə Rusiya Polşanın “Barlinek” qrupunun Ukraynanın Vinnitsa şəhərindəki fabrikinə dron hücumu həyata keçirib. Polşa XİN-nin rəsmi nümayəndəsi Pavel Vronski bununla bağlı Rusiyaya rəsmi etirazını bildirib.

Xatirə SADİQ