Ravvinin ölümündə şübhəli bilinən 3 nəfər saxlandı
Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hakimiyyəti İsrail və Moldova vətəndaşı olan ravvin Tsvi Koqanın qətlində şübhəli bilinən üç nəfəri həbs edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
BƏƏ Daxili İşlər Nazirliyinin bəyanatında şübhəlilər, onların ittiham edilib-edilməməsi barədə məlumat verilməsə də, hakimiyyət orqanlarının cəmiyyətin sabitliyinə təhlükə yaradan hər hansı hərəkət və ya cəhdlərə cavab vermək üçün bütün qanuni səlahiyyətlərdən istifadə etdiyi bildirilir.
İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanası 28 yaşlı ravvin Koqanın öldürülməsini dəhşətli antisemit terror aktı adlandıraraq, İsrailin günahkarların məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett deyib ki, Birləşmiş Ştatlar ravvinin öldürülməsini ən qətiyyətli şəkildə pisləyir.
“Bu, sülh, tolerantlıq və birgəyaşayış tərəfdarı olan hər kəsə qarşı dəhşətli cinayət idi. Birləşmiş Ştatlar İsrail və BƏƏ səlahiyyətliləri ilə sıx əməkdaşlıq edir və biz bütün müvafiq dəstək formalarını təklif etmişik. Hazırda şübhəliləri həbsdə saxlayan BƏƏ səlahiyyətlilərinin sürətli səylərini alqışlayırıq. Bu cinayəti törədənlər və onlara dəstək verən hər kəs tam məsuliyyətə cəlb edilməlidir”, - deyə Savett Ağ Evin saytında yayılmış bəyanatında bildirib.
Yoxa çıxan ravvinin cəsədi noyabrın 24-də Əl-Ayn şəhərində aşkar edilib. O, Nyu-Yorkda yerləşən “Chabad” ortadoksal yəhudi dini hərəkatının BƏƏ-dəki təmsilçisi idi.
Bu insidentdən sonra İsrail öz vətəndaşlarına BƏƏ-yə qeyri-vacib səyahətlər etməməyi, oradakı yəhudilərə isə təhlükəsiz ərazilərdə qalaraq hərəkəti minimuma endirməyi tövsiyə etdi.
Xatirə SADİQ