Qızın gecə evə çağırdığı sevgilisini baba çarpayının altından tapdı və... - CİNAYƏT İŞİ

Nəvəsinin sevgilisini öldürməyə cəhd edən 1948-ci il təvəllüdlü kişi 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Sep 29, 2026 - 13:21
Sep 29, 2026 - 13:45
Qızın gecə evə çağırdığı sevgilisini baba çarpayının altından tapdı və... - CİNAYƏT İŞİ

SAVASHMEDİA.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə 1948-ci il təvəllüdlü kişi nəvəsinin sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinib.

Hadisə gecə saatlarında baş verib. Gənc oğlan sevgilisinin evinə gələrək pəncərədən onun yataq otağına daxil olub. Qız məhkəmədə həmin gecə sevgilisi ilə yazışdığını və onun gələcəyindən xəbərdar olduğunu bildirib.

Qızın sözlərinə görə, babası hadisədən xəbər tutaraq otağa gəlib və sevgilisinin çarpayının altında gizləndiyini görüb.

Baba oğlanı gizləndiyi yerdən çıxarmaq üçün əlindəki bıçaqla çarpayının altına dəfələrlə zərbə endirib. Nəticədə çarpayının taxta hissəsində təxminən 30 bıçaq izi yaranıb. Bıçaq sınandan sonra kişi mətbəxə gedərək oradan başqasını götürüb və otağa qayıdıb.

Daha sonra oğlan çarpayının altından çıxarılıb. Məhkəmə materiallarına görə, baba ona zərbələr endirib və ailə üzvlərindən oğlanın əl-ayağını bağlamalarını tələb edib. O, daha sonra oğlanı öldürəcəyini bildirib. Ailə üzvlərinin müdaxiləsindən sonra baba zərərçəkmişdən uzaqlaşdırılıb.

Qız dərhal polisə məlumat verib. İş materiallarına əsasən, 102 xidmətinə gecə saat 03:16, 03:20, 03:23, 03:24 və 03:25-də çoxsaylı zənglər daxil olub.

Ekspertiza oğlanın bədənində 8 kəsilmiş-deşilmiş yara aşkarlayıb. Yaralar dodaq, qulaq, qol, dirsək, baldır, bel, sağrı və kürək nahiyələrində olub. Yaralardan biri sol kürək nahiyəsindən döş qəfəsinə nüfuz edib. Nəticədə hemotoraks yaranıb və həmin xəsarət həyat üçün təhlükəli ağır bədən xəsarəti kimi qiymətləndirilib.

Hadisə yerindən üzərində qan izləri olan bir neçə bıçaq götürülüb. Onların arasında iki sınıq bıçaq da olub. Zərərçəkmişin geyimlərində də kəsilmiş-deşilmiş izlər və qan ləkələri müəyyən edilib. Yataq, döşək, xalça, döşəmə və digər əşyalar üzərində də qan izləri aşkarlanıb.

Məhkəmədə təqsirləndirilən şəxs oğlanı öldürmək niyyətində olmadığını, yalnız onu yaralamaq istədiyini bildirib. 

Lakin məhkəmə bu izahı qəbul etməyib. Çoxsaylı bıçaq zərbələri, istifadə olunan bıçaqlar, zərərçəkmişə yetirilən ağır xəsarət, hadisə yerində aşkar edilən izlər və digər sübutlar birlikdə qiymətləndirilib.

Məhkəmə hesab edib ki, kişi zərərçəkmişi qəsdən öldürməyə çalışıb, lakin ölüm onun iradəsindən asılı olmayan səbəblərdən baş verməyib. Buna görə əməl Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri - qəsdən adam öldürməyə cəhd kimi tövsif edilib.

Zərərçəkmişin şikayət və tələbinin olmaması, tərəflərin barışması, eləcə də təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb. Ağırlaşdırıcı hal müəyyən edilməyib.

Nəticədə məhkəmə 1948-ci il təvəllüdlü kişini 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Oğuz