“Rusiya dronları və təyyarələri vurulmalıdır” - Avropa birləşir

Avropa Parlamenti bu gün Avropa İttifaqına (Aİ) üzv dövlətləri sərhədlərini qanunsuz pozan hava hədəflərini vurmağa çağıran qətnaməni təsdiqləyib.

Oct 9, 2025 - 17:14
“Rusiya dronları və təyyarələri vurulmalıdır” - Avropa birləşir

SAVASHMEDİA.az bu barədə “Yevropeyskaya Pravda” nəşrinə istinadən xəbər verir. 

Avrodeputatlar hesab edirər ki, Aİ dövlətlərinin hava məkanını pozacağı təqdirdə Rusiya təyyarələri və dronları vurulmalıdır. Qətnamənin lehinə 469 deputat, əleyhinə 97 deputat səs verib, 38 deputat bitərəf qalıb.

Avroparlamentdə qeyd olunub ki, Rusiyanın Aİ-yə qarşı təxribatçı və hibrid hərəkətləri, hətta bu hərəkətlər silahlı hücum həddinə çatmasa belə, “terrorizmin dövlət sponsorluğu” kimi qiymətləndirilə bilər.

Avropa Parlamentinin deputatları həmçinin Aİ Şurası və Avropa Komissiyasını “Rusiyaya qarşı sanksiyaların effektivliyini və təsirini gücləndirməyə”, eləcə də sanksiyaları Rusiyanın hərəkətlərini asanlaşdıran digər dövlətlərə, xüsusən də Belarus, İran və Şimali Koreyaya şamil etməyə çağırıb.

Avropa Parlamenti eyni zamanda Rusiyaya dron və raketlərin istehsalı üçün lazım olan ikili təyinatlı mallar və hərbi məhsulları tədarük edən Çin şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.

Xatirə SADİQ