Rusiya ilə əlaqələrin tam kəsilməsi əsas prioritetdir – Den Yorgensen

Energetika üzrə yeni Avropa komissarı Den Yorgensen Avropa İttifaqının (Aİ) yanacaq sektorunda Rusiya ilə əlaqələrinin tamamilə kəsilməsini özünün “əsas prioriteti” adlandırıb.

Dec 12, 2024 - 12:03
Rusiya ilə əlaqələrin tam kəsilməsi əsas prioritetdir – Den Yorgensen

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə avrokomissar “Politico” nəşrinə müsahibəsində bildirib.

“Asılılığımızı bu dərəcədə azalda bilməyimiz əslində böyük nailiyyətdir. Hər kəsə aydındır ki, yeni bir şey baş verməlidir, çünki indi hər şey həmin istiqamətdə getmir”, - deyə o, vurğulayıb. 

Yorgensen nəzərə çatdırıb ki, söhbət Rusiyadan mayeləşdirilmiş təbii qazın alışının artırılmasından gedir. O, həmçinin qeyd edib ki, Aİ-nin beş ölkəsi hələ də nüvə yanacağına görə Rusiyadan asılıdır. 

Avrokomissar problemin qalan hissəsini həll etmək üçün səmərəli alətlər və vasitələrin daxil olacağı konkret “Yol Xəritəsi”ni təqdim edəcəyinə söz verib. Komissarın planı, ilk növbədə, qaz, həm də neft və nüvə enerjisi üzərində cəmləşəcək. O, bu planı vəzifəyə başlamasından sonra ilk 100 gün ərzində (martın ortalarına qədər) gerçəkləşdirməyi nəzərdə tutur. 

Xatirə SADİQ