İli 2019-dan köhnə olan maşınlar bahalaşacaq - Yeni QƏRAR

Amerika, Kanada, Koreya, Dubay və başqa ölkələrin hərraclarından alınaraq ölkəyə gətirilən ikinci əl maşınların qiyməti bahalaşacaq.

Nov 3, 2025 - 18:36
İli 2019-dan köhnə olan maşınlar bahalaşacaq - Yeni QƏRAR

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə əlaqəli olacaq.

Belə ki, gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsinin artırılması təklif olunur.

Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi  benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Yəni, ili 2019-cu ildən aşağı olan maşınları ölkəyə gətirmək baha başa gələcək. Dizel mühərrikli maşınlarda bu artım daha çox hiss ediləcək.

Məlum olduğu kimi, hazırda ölkəyə yaşı 10-dan yuxarı olan maşınların gətirilməsi qadağandır. Bu layihə təsdiqlənsə, heç kim yaşı 7-dən az olan maşınları ölkəyə gətirməyin marağında olmayacaq. Bu da bazarda ili 2019-dan köhnə ikinci əl maşınların qiymətində artımla nəticələnəcək. (milli.az)