“Rusiya, İran və Şimali Koreyaya qarşı qətiyyətli olaq” - Ukrayna XİN
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) İranın həm Yaxın Şərqdə, həm də onun hüdudlarından kənarda dağıdıcı rol oynadığını, o cümlədən Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəklədiyinə diqqəti cəlb edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir.
İsrailin İrandakı hədəflərə endirdiyi zərbələrlə bağlı Yaxın Şərqdə baş verənləri təşvişlə izlədiyini, hərbi əməliyyatların davam etdirilməsinin beynəlxalq təhlükəsizlik və qlobal maliyyə sabitliyə, xüsusən də neft bazarlarında mənfi nəticələr verə biləcəyini vurğulayan XİN eyni zamanda İranın “Yaxın Şərqdə və ondan kənarda bir çox problemlərin mənbəyi olduğunu” xatırladıb.
Ukraynanın xarici siyasət idarəsi nəzərə çatdırıb ki, məhz İran Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini davam etdirir, xüsusən də dinc ukraynalılara hücum üçün istifadə olunan silahları Moskvaya ötürür.
“Biz əminik ki, Yaxın Şərqdə sülh və sabitliyin bərpası təkcə regionun deyil, həm də bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcək. Avropa və Yaxın Şərqdə təhlükəsizlik bilavasitə əlaqəlidir. Bu kontekstdə biz beynəlxalq ictimaiyyəti müasir təhlükəsizlik təhdidlərinin aradan qaldırılması və bir qrup təcavüzkar rejimin – Rusiya, İran və Şimali Koreyanın koordinasiyalı şəkildə çəkindirilməsi üçün birgə və qətiyyətli addımlar atmağa çağırırıq”, - deyə bəyanatda bildirilib.
Xatirə SADİQ