Rusiya Kurskda nə qədər itki verib? - Aleksandr Sırski açıqladı
"Kursk vilayətində keçirilən hərbi əməliyyatlar dövründə Rusiya qoşunlarının 20 mindən çox hərbçisi həlak olub və yaralanıb".
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
“Əməliyyatın təxminən üç ayı ərzində, 5 noyabr 2024-cü il tarixinə qədər Kursk istiqamətində düşmənin şəxsi itkiləri 20.842 nəfər təşkil edib. Onlardan 7.905-i məhv edilib, 12.220-si yaralanıb, 717-si əsir götürülüb”, - Sırski vurğulayıb.
Bundan başqa, Rusiya ordusunun 1101 ədəd silah və hərbi texnikası məhv edilib.
Sırski qeyd edib ki, Rusiya Kursk vilayətində 45 min hərbi qulluqçu cəmləşdirib və onların sayını artırmağa çalışır. “Rusiyanın öz qoşunları bu istiqamət üçün kifayət deyil, ona görə də onlar Şimali Koreyadan hərbi personal cəlb etməyə çalışırlar”, - Ali Baş Komandan bildirib.
O həmçinin xatırladıb ki, ruslar Ukraynanın şimalındakı Sumı vilayətində daha çox ərazi ələ keçirmək istəyirlər. Amma Ukrayna ordusu qabaqlayıcı addım atıb və öz ərazisində düşməni məhv etməkdə davam edir.
Xatirə SADİQ