Rusiya müxalifəti Berlində antimüharibə yürüşü elan etdi

Noyabrın 17-də rusiyalı mühacirlərin Berlində müharibə əleyhinə böyük nümayişi keçiriləcək.

Oct 30, 2024 - 14:53
Rusiya müxalifəti Berlində antimüharibə yürüşü elan etdi

SAVASHMEDİA.az “Azadlıq Radiosu”nun rus xidmətinə istinadən xəbər verir ki, bu barədə rusiyalı müxalifətçilər İlya Yaşin, Yuliya Navalnaya və Vladimir Kara-Murza məlumat yayıblar. 

“Bu, Rusiya qoşunlarının Ukraynadan çıxarılması, Vladimir Putinin hərbi cinayətkar kimi mühakimə olunması və bütün siyasi məhbusların azad edilməsi tələbli yürüş olacaq”, - deyə Yaşin teleqram kanalında yazıb. 

Aksiya təşkilatçılarının videomüraciəti “YouTube”da da yayımlanıb. 

Təşkilatçılar bildiriblər ki, hazırda Rusiya ərazisində qanuni etiraz aksiyaları keçirmək imkanı yoxdur. Onlar bütün müharibə və Putin əleyhdarlarını Berlindəki yürüşdə iştirak etmək üçün mütəşəkkil şəkildə Almaniya paytaxtına gəlməyə dəvət ediblər. Yaşin bunu “biz hələ də dinc, azad və sivil Rusiyanın mövcud olduğunu göstərə bilərik” fikri ilə izah edib. 

Aksiyanın hansı ünvanda keçiriləcəyi, eləcə də mühacirətdə fəaliyyət göstərən hansı müxalifət təşkilatlarının və fəal qrupların bu təşəbbüsə qoşulacaqları məlum deyil. 

Xatirə SADİQ