“Rusiya Navalnının ölümüna görə cavab verməlidir” - Fransa XİN
“Fransa Aleksey Navalnının zəhərlənə biləcəyinə dair iki Qərb laboratoriyasının rəyini dərin narahatlıqla qarşıladı”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc edilmiş rəsmi bəyanatında deyilir.
“Aleksey Navalnının ölümünə görə bütün məsuliyyət Rusiya hakimiyyətinin üzərindədir və onun faciəvi ölüm şəraitinin hərtərəfli araşdırılmasına ehtiyac var”, - bəyanatda vurğulanır.
Bu günlərdə rusiyalı müxalifət liderinin dul xanımı Yuliya Navalnaya bildirib ki, Rusiyanın hüdudlarından kənarda yerləşən iki laboratoriya Alekseyin keçən ilin fevralında zəhərlənmə nəticəsində həbsxanada öldüyünü təsdiqləyib.
O, bu nəticəyə gələn laboratoriyaları öz rəylərini dərc etməyə çağırıb. Yuliya Navalnaya ehtimal edir ki, bu, indiyədək “siyasi səbəblərdən” edilməyib.
O, Aleksey Navalnının bioloji materialını yoxlayan laboratoriyaların harada yerləşdiyini və onların kimə məxsus olduğunu açıqlamayıb. Fransa XİN-nin bəyanatında da bu məlumat verilməyib.
Rusiyalı müxalifətçi Vladimir Kara-Murza “Dojd” telekanalının efirində bildirib ki, Qərb ölkələrinin laboratoriyaları kəşfiyyat orqanları arasında “razılaşmalara” görə Aleksey Navalnının həbsxanada zəhərlənməsi ilə bağlı məlumatı dərc etmir.
O, bu məqamda öz təcrübəsinə əsaslanıb. Belə ki, 2020-ci ildə ABŞ Ədliyyə Nazirliyi ona 2015 və 2017-ci illərdə Rusiyada zəhərlənməsi ilə bağlı Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırmasının nəticələrini əks etdirən sənədlər paketini təqdim edib. “Onlar bu analizləri keçirdilər və sonra onun nəticələrini məxfiləşdirdilər”, - deyə Kara-Murza xatırladıb.
Onun sözlərinə görə, FTB-də ABŞ-nin milli təhlükəsizlik haqqında 1947-ci il tarixli qanununa istinad ediblər. Bu qanun çərçivəsində “kəşfiyyat orqanlarının mənbələrinə və ya iş üsullarına işıq sala biləcək” sənədlərin dərci qadağan edilir.
Xatirə SADİQ