Rusiya PA-nın rəsmisi kirayə mənzil biznesinə girişib – Alman polisi izinə düşdü
Rusiya Prezident Administrasiyasının müşaviri Sergey Karaqanov və həyat yoldaşı Yekaterina sanksiyalara rəğmən Berlindəki mənzillərini kirayə verməyə davam ediblər.
SAVASHMEDİA xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Nəşrin məlumatına görə, 2023-cü ilin martında Almaniya hakimiyyəti Karaqanovun sanksiyalardan yayınmaq cəhdinin qarşısını alıb. Politoloq mənzildəki payını həyat yoldaşına “bağışlamaq” qərarına gəlsə də, alman hakimiyyəti “hədiyyəni” etibarsız elan edib. Aprelin sonunda Karaqanovun arvadının mənzil kirayə verməkdən aldığı pulun daxil olduğu hesab bloklanıb.
Karaqanovlar bundan sonra da çarə tapıblar. Onlar icarəçini ödənişi binanın idarəedici şirkətinin hesabına köçürməyə məcbur ediblər.
Məlumata görə, hazırda Almaniya prokurorları bu məsələni araşdırırlar.
Qeyd edək ki, 2023-cü ilin iyununda Karaqanov Kremli “Avropaya qabaqlayıcı nüvə zərbəsi endirməyə” çağıran məqalə dərc etmişdi. O zaman politoloq əmin edirdi ki, ABŞ guya Avropa ölkələrinin müdafiəsinə qalxmayacaq, “çünki heç kim şərti Poznan naminə şərti Bostonu qurban verməz”.
Maraqlıdır ki, politoloqun 84 kvadratmetr sahəsi olan daha bir mənzili Venesiyada yerləşir.
Xatirə SADİQ