"O maddəni heç yaxından da görməmişəm" - Sadettin Saran üsyan etdi

“Fənərbağça” klubunun Prezidenti Sadettin Saranın narkotik testinin nəticəsi pozitiv çıxıb.

Dec 24, 2025 - 14:03
"O maddəni heç yaxından da görməmişəm" - Sadettin Saran üsyan etdi

SAVASHMEDİA.az xəbər verir ki, S.Saranın Məhkəmə Tibbi Ekspertiza Qurumunda qan, saç, sidik və dırnaqdan verdiyi testlərin nəticəsi açıqlanıb. 

Klub prezidentinin qan, dırnaq, sidik testinin nəticəsi neqativ olduğu halda, saç testi nəticəsində kokain pozitiv yazılıb.

Sadettin Saran açıqlanan nəticələrin ardınca açıqlama yayıb. Klub prezidenti bildirib ki, nəticələri qəbul etmir, çünki sözügedən maddəni yaxından belə görməyib:

“Məhkəmə Tibbi Ekspertiza Qurumunda pozitiv çıxdığı iddia edilən maddəni həyatım boyunca istifadə etməmişəm. İstifadəsi bir yana, sözügedən maddəni yaxından belə görməmişəm. Bu iddialar şəxsimi hədəf alan, nüfuzuma və ləyaqətimə xələl gətirməyə çalışan böhtan kampaniyasıdır,  eyni zamanda təmsil etdiyim qurumları sarsıtmaq məqsədi güdür. Bildirmək istəyirəm ki, bu testləri yenidən və dərhal, heç bir tərəddüdsüz verməyə hazıram. Bu müddət ərzində istintaqı aparan prokurorluq orqanından Məhkəmə Tibbi Ekspertiza Qurumunda testlərin yenidən verilməsi üçün rəsmi tələb ediləcək. Bununla yanaşı, eyni testlər beynəlxalq və müstəqil analiz mərkəzlərində yenidən veriləcək və nəticələri ictimaiyyətin diqqətinə çatdırılacaq. Bir daha bildirmək istəyirəm ki, həqiqətlərin elmi cəhətdən əsaslandırılmış və universal standartlara uyğun şəkildə ortaya çıxarılmasından heç bir çəkinəcəyim yoxdur. Digər tərəfdən haqqında gizlilik qərarı verilmiş istintaqa aid olduğu bildirilən məlumatların test nəticələrinin çıxdığı iddia edilən səhər eyni zamanda və koordinasiyalı şəkildə bəzi yerlərdə yayımlanması diqqətlə dəyərləndirilməli bir durumdur. Həqiqətlərin gec-tez ortaya çıxacağına, bu prosesin qanunun aliliyi prinsipləri çərçivəsində, ədalətli və şəffaf şəkildə nəticələnəcəyinə inamım tamdır”. 

Banu