Rusiya qlobal ərzaq təhlükəsizliyini təhdid edir – Britaniyanın baş naziri
Britaniyanın baş naziri Kir Starmer Rusiyanın Qara dənizə hücumlarının qlobal ərzaq təhlükəsizliyini təhdid etdiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Starmer bildirib ki, Rusiyanın fərq qoymadan Qara dənizdəki limanlara hücumları Kremlin rəhbəri Vladimir Putinin Ukraynanı boyun əyməyə məcbur etmək məqsədilə qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoymağa hazır olduğunu göstərmək cəhdidir.
Baş nazir nəzərə çatdırıb ki, son zamanlar Ukraynanın cənubundakı Qara dəniz limanlarına hücumların artması Fələstinə və Qlobal Cənubun digər ölkələrinə ərzaq çatdırılmasını gecikdirir.
Britaniya kəşfiyyatına istinadən baş nazir bildirib ki, oktyabrın 5-dən oktyabrın 14-dək Rusiya Qara dənizdə, ən azı, dörd ticarət gəmisini vurub.
“Putin öz barbar müharibəsində qalib gəlməyə çalışarkən Afrika, Asiya və Yaxın Şərqdə milyonlarla həssas insanlara zərər verir”, - deyə Starmer əlavə edib.
Qeyd edək ki, Rusiyanın hücumlarına görə, Fələstinə Ümumdünya Ərzaq Proqramı üçün neft daşıyan gəminin yola salınması gecikdirilib, Misirə taxıl daşıyan gəmilər, eləcə də Ümumdünya Ərzaq Proqramının Cənubi Afrikaya göndərilən digər yükləri vaxtında yola düşə bilməyib.
Xatırladaq ki, son üç ay ərzində Rusiya Ukraynada limanlara, mülki gəmilərə və taxıl anbarlarına 60-a yaxın hücum həyata keçirib. Nəticədə 300-ə yaxın liman infrastrukturu obyekti, 177 nəqliyyat vasitəsi və 22 mülki gəmi məhv edilib.
Rusiya ordusunun oktyabrın 9-u axşam saatlarında Odessa vilayətinin liman infrastrukturuna raket hücumu zamanı Panama bayrağı altında üzən mülki gəmini vurmasından sonra Avropa İttifaqı (Aİ) Ukrayna taxılını daşıyan mülki gəmilərə Rusiyanın zərbələrinin artmasına reaksiya verib. Aİ maraqlı ölkələri bu hərəkətləri dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə çağırıb.
Xatirə SADİQ