Rusiya Trampı, İran Harrisi dəstəkləyir, Çinin başı Tayvana qarışıb – ABŞ kəşfiyyatı
AABŞ kəşfiyyatı hesab edir ki, Rusiya, İran və Çin amerikalı seçicilərə təsir etmək cəhdlərinin əksəriyyətinə görə cavabdehlik daşıyır.
SAVASHMEDİA.az xəbər verir ki, “Amerikanın Səsi” bu barədə milli kəşfiyyat direktorunun ofisinin son hesabatına istinadən məlumat yayıb.
Sənədə əsasən, bu ölkələrin hər hansı birinin öz hədəflərini dəyişdirdiyinə dair heç bir işarə yoxdur.
Amma kəşfiyyat rəsmiləri qeyd ediblər ki, Rusiya və İran prezident seçkilərinin qalibi ilə bağlı fərqli fikirlərə malikdir.
Rusiya Federasiyası ABŞ-nin keçmiş prezidenti Donald Trampın şanslarını artırmağa yönəlmiş təsir kampaniyalarını davam etdirir və eyni zamanda vitse-prezident Kəmalə Harrisin kampaniyasına zərər vurmağa çalışır.
İranın səyləri isə Trampa zərər verərkən Harrisə kömək etməyə yönəlib. Kəşfiyyat rəsmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunda işləyən üç əməliyyatçının iştirakı ilə Tramp kampaniyasını hədəf alan haker və sızdırma əməliyyatını buna nümunə kimi göstəriblər.
Kəşfiyyat hesab edir ki, Çin hələ də ABŞ prezidentlik kampaniyasına müdaxilə etməyib. Bu ölkə diqqətini amerikalı seçicilərini Pekinin maraqlarına zərərli hesab edilən əyalət və yerli namizədləri, xüsusən də Tayvana dəstək ifadə edənləri rədd etməyə inandırmağa yönəldib.
Bundan əlavə, Rusiya və Kuba konqres, əyalət və yerli seçkiləri hədəfləmək məsələsində Çinə qoşulub.
Xatirə SADİQ