Rusiya və Çin şirkətləri “Sibirin gücü 2” ilə bağlı memorandum imzaladı 

Rusiyanın “Qazprom” və Çinin CNPC şirkəti arasında “Sibirin gücü-2” və Monqolustan ərazisindən keçəcək “Şərq İttifaqı” tranzit qaz kəmərinin tikintisinə dair memorandum imzalanıb.

Sep 2, 2025 - 14:08
Rusiya və Çin şirkətləri “Sibirin gücü 2” ilə bağlı memorandum imzaladı 

SAVASHMEDİA.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin başçısı Aleksey Miller bildirib.

Onun sözlərinə görə, ikinci layihə Rusiyadan Monqolustana tranzitlə ildə 50 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.

“Üç ölkənin – Rusiya, Çin və Monqolustan liderlərinin açıqladığı ictimai bəyanata əsasən, bu gün “Sibirin gücü 2” qaz kəmərinin və Monqolustan ərazisindən “Şərq İttifaqı” tranzit qaz kəmərinin tikintisinə dair hüquqi qüvvəyə malik memorandum imzalanıb”, - deyə Miller vurğulayıb. 

“Sibirin gücü 2”nin davamı olan “Şərq İttifaqı” qaz kəməri Çindən keçməlidir. Qərbi Sibir yataqlarını Çinin şimal-qərbi ilə birləşdirən kəmərin uzunluğu 950 km olacaq. 

2021-ci ildə “Qazprom” bəyan etmişdi ki, qaz kəmərinin gücü Sibirin ilkin gücündən 1,3 dəfə çox olacaq.

Xatirə SADİQ