Rusiya "Vesti" verilişinin keçmiş aparıcısı Fəridəni tələb edir – Çexiyadan
Rusiya Baş prokurorluğu “Vesti” verilişinin keçmiş aparıcısı Fəridə Qurbanqaleyevanın ekstradisiyası tələbi ilə Çexiya hakimiyyətinə müraciət edib.
SAVASHMEDİA.az “Novaya qazeta”ya istinadən xəbər verir ki, bu barədə jurnalist “Facebook” səhifəsində yazıb.
“Bu gün Çexiya polisi mənə məktub verdi ki, Rusiya Baş prokurorluğu ekstradisiyamı tələb edib. Bu, şübhəsiz ki, mənim üçün böyük şərəfdir, çünki bu yolla Rusiya cinayətkar Putin rejiminə qarşı mübarizədə mənim töhfəmi tanıyırr”, - deyə Qurbanqaleyeva yazıb.
Jurnalist ekstradisiya işində ona vəkil təyin olunması ilə bağlı Çexiya polisinin məktubunun fotosunu da dərc edib.
“Mediazona” xəbər verib ki, sənəddə bu işə Praqa Şəhər Məhkəməsində baxılacağı bildirilib. Məktubda Rusiya Baş prokurorluğunun hansı halda Qurbanqaleyevanın Çexiyadan ekstradisiyasını tələb etdiyi deyilmir.
Jurnalist güman edir ki, söhbət terrorçuluğa bəraət qazandırmaq (Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) və Rusiya ordusu haqqında “feyk”lərin yayılması (CM-nin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi) maddələri üzrə cinayət işindən gedir. Jurnalist dövlət vəkilinin xidmətlərindən imtina edəcəyini qeyd edib.
Bu işin digər fiqurantı millətçi və “Rusiyaya Azadlıq” legionunun könüllüsü, millətçi Aleksey Baranovskidir. 2024-cü ilin may ayında Qurbanqaleevanın “YouTube” kanalında hərbçi ilə müsahibə yayımlanıb.
Qeyd edək ki, 2024-cü ilin iyununda Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Qurbanqaleyevanı qiyabi həbs edib. Jurnalist həm də “xarici agentlər” və “ekstremistlər və terrorçular siyahısı”na daxil edilib.
Qurbanqaleeva 2014-cü ilə qədər “Vesti” proqramının aparıcısı olub. Rusiya Krımı ilhaq etdikdən sonra jurnalist “Rossiya-1” telekanalını tərk edib. 2018-ci ildən 2021-ci ilə qədər Qurbanqaleeva “Nastoyaşeqo vremeni” xəbər verilişlərinin aparıcısı olub. Hazırda jurnalist Praqada yaşayır və “YouTube”da öz kanalını inkişaf etdirir.
Xatirə SADİQ