Rusiyadan ukraynalı jurnalistin ölümünün təsdiqi tələb edilir
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiya hakimiyyətindən ukraynalı jurnalist Viktoriya Roşinanın ölümünü təsdiqləməyi tələb edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə BMT-nin bəyanatında bildirilib.
“Ölümü təsdiqləndiyi halda, onun səbəblərinin və şəraitinin müstəqil araşdırılması, o cümlədən meyitin yarılması üçün cəsədin dərhal mərhumun vətəninə qaytarılmasına çağırırıq. Əgər ölüm təsdiqlənərsə, Rusiya hakimiyyət orqanları dövlət nəzarəti şəraitində həyatdan özbaşına məhrum etməyə görə məsuliyyət daşıyacaq”.
Xaatırladaq ki, ukraynalı jurnalist Viktoriya Roşina 2023-cü il avqustun 3-də Ukraynanın müvəqqəti işğal olunmuş ərazisində yoxa çıxıb. O, rus işğalı altında olan insanların həyatını işıqlandırmağa çalışırdı.
Sonradan məlum olmuşdu ki, jurnalist Zaporojye vilayətinin Melitopol şəhərində Rusiya hərbçiləri tərəfindən saxlanılıb və Rusiyaya deportasiya edilib.
Hüquq müdafiəçilərinin sözlərinə görə, Roşinanı sonuncu dəfə 2024-cü il sentyabrın 8-də Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinin 2 saylı istintaq təcridxanasında görən olub. O vaxtdan bəri onun harada olduğu bilinmirdi.
10 oktyabr 2024-cü ildə Viktoriyanın atası qızının 19 sentyabr 2024-cü il tarixində əsirlikdə öldüyü barədə Rusiya Müdafiə Nazirliyindən məktub aldı. Məktubda jurnalistin ölümünün səbəbi barədə heç bir məlumat verilməyib.
Hüquq müdafiəçiləri deyiblər ki, Taqanroqdakı 2 saylı istintaq təcridxanası məhbuslara işgəncə verməklə tanınır. Oradan qurtula bilənlər elektrik cərəyanı ilə dəhşətli işgəncələrdən, vəhşicəsinə döyülmələrdən, zorlamalardan, cinsi zorakılıqdan və lazımi tibbi yardımdan imtinadan danışırlar.
“Onu yer üzündəki cəhənnəm adlandırırlar”, - deyə hüquq müdafiəçisi Tatyana Katriçenko vurğulayıb.
Xatirə SADİQ