“Rusiyalılar üçün “Youtube”dakı fasilələr prioritet problem deyil” – Dmitri Peskov
“Rusiyada “YouTube” video hostinqinin fasilələrlə işləməsi, əsasən, “Google”un avadanlıqlarını dəyişməkdən imtina etməsi ilə bağlıdır”.
SAVASHMEDİA.az “RBC”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiyada “YouTube”a tam girişin nə vaxt bərpa olunacağı ilə bağlı sualı cavablandırarkən Peskov bildirib ki, bu məsələlərlə bağlı “Roskomnadzor”la əlaqə saxlamaq lazımdır. “Onlar bu məsələ ilə bağlı məlumat verməlidirlər”, - deyə sözçü əlavə edib.
O, bu mövzunun Putinin rejissor Karen Şahnazarovla görüşündə müzakirə olunduğunu təsdiqləyib. “Həqiqətən, bu mövzuya toxunuldu və baxmayaraq ki, bu problemin bir hissəsi sırf bu xidmətin sahibinin mövqeyi ilə bağlıdır, prezident bu problemə baxacağını söylədi. Bu xidmətin sahibinin mövqeyini bilirsiniz, bu, Rusiya Federasiyasının müvafiq qanunlarını yerinə yetirməməyə yönəlmişdir. Qanunlara əməl etmədən şirkət lazımi avadanlıqları dəyişdirmir və ya yeniləmir”, - Peskov bildirib.
Bununla belə, o, qeyd edib ki, “YouTube”un işində problem heç bir şəkildə ruslar üçün prioritetlər siyahısında yoxdur. “Ona görə də “YouTube ruslara nə vaxt qaytarılacaq” sualının belə formalaşdırılması ilə mən razılaşa bilmərəm, bu, indi heç də əsas məsələ deyil”, - deyə mətbuat katibi bildirib.
Xatirə SADİQ