“Ukraynalı snayperlər” gürcü turistlər çıxdı – Rusiya mediası “çaşıb”
Kremlə yaxın Rusiya mətbuatının kütləvi şəkildə Tiflisdəki mitinqdə “ukraynalı snayperlər” kimi qələmə verdikləri şəxslərin gürcü turisləri olduğu müəyyənləşdirilib.
SAVASHMEDİA.az gürcü mediasına istinadən xəbər verir ki, bunu “Мythdetector” layihəsi aydınlaşdırıb.
“Russia Today”, “TASS”, RİA “Novosti” və digər Rusiya KİV-ləri oktyabrın 28-də Ukraynada təlim keçmiş ukraynalı snayperlərin etiraz aksiyalarında təxribatlar təşkil etmək üçün Gürcüstanda olduqlarını iddia edərək, guya həmin hərbçilərin fotolarını dərc ediblər.
Amma məlum olub ki, fotoşəkillərdəkilər gürcü səyahətçiləridir.
“Mən və dostlarım tez-tez gəzintiyə çıxırıq və bu cür geyimlərin bununla əlaqəsi var. Rahatlığa görə mitinqlərdə və buna bənzər tədbirlərdə həmişə belə geyinirəm”, - deyə onlardan biri – Laşa Kaçiaşvili bildirib.
Onun sözlərinə görə, mitinqdə “Mtamadideblebi” turizm klubunun bir neçə təsisçisi səyahətçi paltarında olub.
Xatirə SADİQ