Rusiyanın 18 tankerinə sanksiyalar qoyuldu
Böyük Britaniya 18 Rusiya neft tankerinə və dörd mayeləşdirilmiş təbii qaz tankerinə qarşı sanksiya tətbiq edib.
SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti rəsmi press-reliz yayıb.
“Bunlar Putinin kölgə donanmasına qarşı bu günə qədər tətbiq edilən ən böyük sanksiyalardır”, - deyə məlumatda bildirilib.
“Qazprom”la birlikdə Yamalo-Nenets Muxtar Dairəsində ehtiyatları 450 milyard kubmetrdən çox olan üç qaz yatağının operatoru “Rusgazalyans” şirkətinə “Qazprom”la birlikdə nəzarət edən “Rusqazdobyça” qrupuna (RGD) da məhdudiyyətlər qoyulub. RGD-nin ortaq sahiblərindən biri əvvəllər Putinin yaxın dostu, iş adamı Arkadi Rotenberq idi.
Tətbiq edilən sanksiyalara tankerlərin sığortalanmasına və onların Britaniya limanlarına girişinə qadağa, RGD üçün isə şirkətin Böyük Britaniyada hesablarının (əgər varsa) dondurulması daxildir.
Qeyd edək ki, “kölgə donanması”na Rusiya nefti və neft məhsullarına qoyulan sanksiyalardan yan keçən, xüsusən də G7 ölkələrinin bir barrel üçün 60 dollar səviyyəsində qoyduğu qiymət səviyyəsini pozan gəmilər aid edilir.
Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalara məruz qalan neft tankerləri təkcə son bir ildə Rusiyaya təxminən 4,9 milyard dollar qazandırıb. Enerji və təmiz hava tədqiqatları mərkəzinin (CREA) hesablamalarına görə, “kölgə donanması” artıq neft və neft məhsullarının 80%-ni Rusiyadan tədarük edir.
Bundan əvvəl ABŞ, Aİ və Böyük Britaniya sanksiyaları 53 tankeri və ya Rusiya xam neftini daşıyan gəmilər parkının təxminən 7,5%-ni sıradan çıxarmağa nail olmuşdu. Həmin gəmilər dünyanın hər yerindəki limanlarda boş qalmışdı. Lakin bu ilin sentyabr ayının sonunadək onlardan ən azı 17-si yenidən xam neft və ya neft məhsulları yükləri ilə üzməyə başladı. Hətta həmin gəmilərin əksəriyyəti getdikləri marşrutu gizli saxlamağı dayandırdı və reyslərin son nöqtəsi kimi Rusiya neftinin ən böyük alıcısına çevrilmiş Çin və ya Hindistanı göstərməyə başladı.
Xatirə SADİQ