Seçki öncəsi rusiyameylli blokun ofisində axtarış aparıldı – Moldovada

Moldova polisi Beltsı şəhərindəki “Qələbə” seçki blokunun ofisində axtarış aparıb. 

Oct 16, 2024 - 12:56
Seçki öncəsi rusiyameylli blokun ofisində axtarış aparıldı – Moldovada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Newsmaker” nəşri məlumat yayıb. 

Polisin mətbuat katibi Diana Fetko istintaq hərəkətləri çərçivəsində Beltsıda axtarışların aparıldığını və daha ətraflı məlumatın sonra veriləcəyini təsdiqləyib. 

Bu addımın oktyabrın 20-də keçiriləcək prezident seçkilərində və referendumda saxtakarlığa mümkün hazırlıq çərçivəsində atıldığı məlum olub. Hazırda ölkə prokurorluğu və Milli Təhqiqatlar Müfəttişliyi bu məsələ ilə bağlı araşdırma aparır. 

“Qələbə” seçki bloku 2024-cü ilin aprelində Moskvada qaçaq oliqarx İlan Şorla əlaqəli beş partiya – “Şor”, “Şans”, “İntibah”, “Moldovanın Alternativ Qurtuluş Qüvvəsi” və “Victorie” (“Qələbə”) tərəfindən yaradılıb. Qeyd edək ki, oliqarxın adını daşıyan “Şor” partiyası Moldovada qeyri-qanuni elan edilib.

Mərkəzi Seçki Komissiyası avqust ayında adının üzv partiyalardan birinin adına bənzədiyini, eləcə də fəaliyyəti qadağan olunmuş “Şor”un üzvlüyünü əsas gətirərək bloku qeydə almaqdan imtina edib.

Bundan öncə isə Beltsıda “İntibah” partiyası ilə əlaqəli şəxslərin ofisində və binalarında seçicilərin ələ alınması və partiyaların qanunsuz maliyyələşdirilməsi ilə bağlı axtarışlar aparılıb.

Bazar günü bir sıra aparıcı telekanallar jurnalist araşdırması nümayiş etdiriblər. Araşdırmada “Şor”un siyasi gücünün tədbirlərdə və təşviqat işlərində iştirak etmələri üşün seçiciləri rüşvətlə ələ alması və onlara Rusiya pulu ilə qonorar ödəməsi əksini tapıb. 

Ötən həftə oliqarx İlan Şorun partiyası ilə əlaqəsi olan şəxslərə qarşı aparılan yüzdən çox axtarışdan sonra partiyanın qeyri-qanuni maliyyələşdirilməsi və seçicilərin rüşvətlə ələ alınması işi üzrə üç şübhəlinin saxlanıldığı elan edilib. 

Xatirə SADİQ