Seçki saxtakarlıqlarına görə gürcü məmurlara sanksiya tətbiq oluna bilər

Avropa Parlamenti və doqquz Avropa dövlətinin qanunverici orqanı Gürcüstandakı seçkilərdıku mümkün saxtakarlığa görə məsuliyyət daşıyan siyasətçilərə və məmurlara sanksiyaların tətbiq edilməsinə çağırıb.

Nov 7, 2024 - 13:34
Seçki saxtakarlıqlarına görə gürcü məmurlara sanksiya tətbiq oluna bilər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb. 

“Biz Gürcüstan hakimiyyətindən tələb edirik ki, bütün seçki manipulyasiyası (o cümlədən, seçkiqabağı dövrdə), xüsusən də seçicilərin təhdid edilməsi və rüşvətxorluqla bağlı bütün iddialar şəffaf şəkildə araşdırılsın. Mövcud iddialar çox ciddi olduğundan, bu seçkiləri və seçkiqabağı dövrdə və seçkilər zamanı qeydə alınan bütün pozuntuları yalnız müstəqil beynəlxalq araşdırma nəzərdən keçirə və araşdıra bilər”, - deyə avropalı siyasətçilərin birgə bəyanatında bildirilib.

Onlar hər bir seçicinin öz səsvermə faktı, vaxtı və yeri haqqında məlumatların düzgünlüyünü yoxlaması üçün səsvermə protokollarının əlçatanlığını təmin etməyə çağırıblar. 

Qeyd edilib ki, bu tələbi müxalifət səsləndirsə də, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) şəxsi məlumatların sızması bəhanəsi ilə bundan imtina edib.

Məktubda həmçinin Gürcüstan vətəndaşlarının və təşkilatlarının əsas hüquq və azadlıqlarına xələl gətirən, Avropa İttifaqının (Aİ) əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan qanunvericiliyin ləğvi tələb olunur.

Bəyanat müəllifləri hesab edirlər ki, Aİ seçki prosesinin pozulmasına, o cümlədən bütün seçki kampaniyası zamanı dövlət institutlarından və inzibati resurslardan istifadəyə görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə və siyasi liderlərinə qarşı sanksiyalar tətbiq etməlidir. Bəyanatda bu məqamda milyarder, hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin adı ayrıca çəkilib.

Tiflisin seçkilərlə bağlı beynəlxalq araşdırma aparmaqdan imtina edəcəyi təqdirdə avropalı qanunvericilər vətəndaş cəmiyyətinə dəstək və qanunun aliliyi strukturlarının yaradılması layihələri istisna olmaqla Gürcüstanın dövlət və ictimai qurumları ilə yardım və əməkdaşlıq layihələrindəki Aİ vəsaitlərinin dondurulmasını, Aİ-nin Gürcüstanla viza liberallaşdırılması rejiminin tam dayandırılmasını nəzərdən keçirməyi təklif edib. 

“Biz gürcü xalqını və onun Avropa seçimini dəstəkləməyə davam edəcəyik. Biz həmçinin Gürcüstanın beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəkləməyə davam edəcəyik”, - məktubda deyilib.

Müraciəti Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, İrlandiya parlamentlərinin və Avropa Parlamentinin nümayəndələri imzalayıblar. 

Xatirə SADİQ