Seul bu iki ölkəyə sanksiya tətbiq etdi
Koreya Respublikası Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıqda, eləcə də Şimali Koreyanın nüvə proqramlarının maliyyələşdirilməsində iştirak edən 11 şəxs və 15 təşkilata qarşı sanksiya tətbiq edib.
SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Seulun sanksiya siyahısına Koreya Xalq Ordusunun generalları Kim Yonq Bok və Şin Qum Çol, həmçinin raket mühəndisi Li Sonq Cin və KXDR ordusunun digər yüksək rütbəli zabiti Li Bon Çun da daxil edilib. Məhdudiyyətlər bir neçə sahibkara və onların rəhbərlik etdiyi şirkətlərə təsir edib. Onların arasında Şimali Koreyanı əsas raket materialları və texnologiyaları ilə təchiz etdiyi iddia edilən “Parsek” şirkəti də var.
Rusiyadan 7 nəfər və 13 şirkət bu siyahıya daxil edilib. Onların arasında bir neçə bank da var. Bu banklarla maliyyə və ya valyuta əməliyyatları aparmaq üçün indi Seuldan icazə tələb olunacaq.
Cənubi Koreya XİN-nin press-relizində vurğulanır ki, sanksiyalar dekabrın 16-da Qərb ölkələrinin xarici işlər nazirlərinin Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığı pisləyən bəyanatı ilə əlaqədar tətbiq edilir.
Xatırladaq ki, dünən Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqləyib. Rusiya, Çin və Şimali Koreyadan olan 54 nəfər və 30 təşkilat sanksiya siyahısına daxil edilib.
Xatirə SADİQ