Sevirəm Ramazanı!

Qonşu ləzgi kişini yox, Ramazan ayını. Ayı meşədə olur, bilirəm. Müsəlman təqvimindəki Ramazan ayını. Endirimlərinə görə sevirəm. 

Apr 2, 2025 - 12:16
Sevirəm Ramazanı!

İlboyu qiymət geydirimlidir, bu bayramda – endirimlidir. Hamı dükana tələsir. Həm qoca, həm cavan nəsil. Qorxur başqası alar, o isə əliboş qalar. Bu bayramda dindar əhali dinsizlərlə bir vəhdətdə birləşir. Harada? Əlbəttə, kassaya növbədə. Hər dindən, təriqətdən olanlar və heç birindən olmayanlar burada görüşürlər. 

Mənim kimi məzəli ateistlər və “Sədərək”də aldığı malın qiymətini öz dükanında 400 faiz qaldıran aferistlər. Bütün ay ərzində zülm çəkib oruc tutanlar və oğrunu tutub, alıb buraxanlar. Hətta Aygün Primadonnovna marketin superində bütün günü səslənən reklam çarxında hamını inandırmağa çalışır ki, taksit kartını götürüb alışa və verişə gedir.

Bir neçə il bundan o yana müsəlmanlar kontorunun böyük şəxsi – bilicisi – televizorumun içindən söylədi ki, Ramazan ayında insan öz əzalarına şəhvət hissilə toxunmamalıdır. Bilici bilmirdi ki, İslam dini bunu, ümumiyyətlə, qadağan edir. İş elə gətirdi, mollanın bu çıxışını özüm də bilmədən kassetə yazdım və bir neçə il ondan bu yana, yenə də bilmədən, dost-tanışa göstərdim. Camaat isə özündən asılı olmadan gülən kim, qəşş edən kim, əlini əzasına aparan kim, mollanın yerinə xəcalət çəkən kim...

Əslən Qərbi Azərbaycandan olan Afilə nənə bir gün utancaq iftixarla dedi:

– Ötən Ramazanda 3 gün oruc tutdum.

– Bilirsənmi, müsəlman sayılmaq üçün 5 vacib şərt var, onlardan biri ay boyunca oruc tutmaqdır.

– Mən belə etdim. 

– Əcəb etdin, amma müsəlman deyilsən.

Bu yerdə əsl qadın sualı səsləndi:

– Niyə?

Mövzunu guya dəyişdim:

– Sənin ərin alkaşdır.

– Necə olur?

– Onunla üç dəfə məclisdə oturmuşam, üçündə də araq içib.

– Üç dəfə içməklə adam alkaş olmur.

– 3 dəfə araq vuran alkaş olmur, 3 gün oruc tutmaqla adam müsəlman olur?

Qadın karıxdı. Mən isə qocaman müəlliməni məntiqi nokauta saldığıma görə şıltaq şagird kimi utanmadan sevindim.

A.ƏZİZ