Şimali Koreya hərbi kontingenti Krıma daşınır 

Rusiya tərəfi Şimali Koreyanın (KXDR) “Koksan” ağır artilleriya bölmələrini Krıma köçürməyə başlayıb.

Apr 4, 2025 - 16:38
Şimali Koreya hərbi kontingenti Krıma daşınır 

SAVASHMEDİA.az ZDF nəşrinə istinadən xəbər verir ki, bu, KXDR qoşunlarının yarımadaya göndərilməsinin xəbərçisi ola bilər. 

Nəşr bu qənaətini Krımın şimal hissəsində artilleriyanın dəmir yolu ilə daşındığı ilə bağlı hələ martın 26-da internetdə yayılan video ilə izah edib. 

“The Moscow Times” yazır ki, indiyədək Şimali Koreya qoşunları Rusiya tərəfində yalnız Kursk vilayətində hərbi əməliyyatlarda iştirak edib. Lakin ZDF-nin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində dayaq məntəqəsi ləğv edildikdən sonra Moskva KXDR-dən olan hərbi kontingenti sürətlə Krımda  yerləşdirə bilər.

Nəşr hesab edir ki, təkcə “Köksan” qurğuları bu təhlükəni yarada bilər. Bu 170 mm-lik toplar 40 km-ə qədər zərbə məsafəsinə malikdir, raket mərmilərindən istifadə edərkən isə onlar 60 km-ə qədər məsafəyə atəş aça bilirlər. Məhz bu toplar Rusiyanın Kursk vilayətində aparılmış son əks-hücum əməliyyatında mühüm rol oynayıb. 

ZDF nəzərə çatdırıb ki, Ukrayna Silahlı Qüvvələri (UAF) pilotsuz uçan aparatlardan istifadə etməklə beş “Koksan” qurğusunu məhv etməyə nail olub, lakin Pxenyan bu silahlardan 200-ə yaxınını Moskvaya ötürə bilərdi. Əgər Rusiya ordusu bu silahları Ukraynanın cənubunda yerləşdirsə, onların Xerson və Zaporojyeni atəşə tutmaq üçün istifadə olunacağı istisna edilmir. 

Xatirə SADİQ