“Şimali koreyalılar Ukraynada qanuni hədəfə cevriləcəklər” – Con Kirbi

“Ağ Ev hələlik Rusiyanın şərqindəki üç hərbi təlim bazasında yerləşdirilən bir neçə min Şimali Koreya əsgərinin müharibədə iştirak edib-etməyəcəyini bilmir”.

Oct 25, 2024 - 13:12
“Şimali koreyalılar Ukraynada qanuni hədəfə cevriləcəklər” – Con Kirbi

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Amma o, xatırladıb ki, müdafiə sahəsində Moskva ilə Pxenyan arasında hər hansı əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının Rusiya tərəfindən imzalanmış qətnamələrinin pozulması deməkdir.
 
“Şimali Koreyadan silah və sursatların alınması həm də BMT-nin mövcud sanksiyalarının və qətnamələrinin pozulmasıdır. Bunu Rusiyanın özü də imzalayıb. Biz bunu çox yaxından izləyəcəyik”, - deyə Kirbi nəzərə çatdırıb.

Kirbi deyib ki, ölkəsi Şimali Koreya lideri Kim Çen Inın [Rusiya ilə hərbi əməkdaşlıq haqqında] razılaşmadan nə gözlədiyini dəqiq bilmir: “Və bu təhlükəlidir. Bu günlərdə müdafiə nazirindən [Lloyd Ostin] eşitdiyiniz kimi, Şimali Koreyanın bu potensial addımı təkcə Ukraynadakı döyüş meydanındakı vəziyyətə deyil, həm də Hind-Sakit okean regionunda vəziyyətə təsir edəcək. Bunun tam olaraq necə görünəcəyini hələ bilmirik. Kim bundan nə əldə etməyə ümid edir? Mümkündür ki, Rusiya Şimali Koreyaya hərbi potensialını gücləndirmək və modernləşdirmək üçün imkanlar verəcək ki, bu da onsuz da gərgin olan regionda sabitliyi pozacaq”.

Con Kirbi xatırladıb ki, amerikalı hərbçilər Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirak etmirlər. Onun sözlərinə görə, bu barədə Mayk Terner də danışıb və prezident Co Baydenin özü də bu mövqeyi açıq şəkildə ifadə edib.

“Biz müdafiə üçün lazım olan alətlər, imkanlar və silahlarla Ukraynanı təmin edirik. Və biz bu Şimali Koreya əsgərlərinin qanuni hərbi hədəflər olduğunu deyəndə nəzərdə tuturuq ki, onlar Ukraynaya qarşı əməliyyatlarda iştirak etsələr, Ukrayna hərbçiləri üçün qanuni hədəfə çevriləcəklər”, - Kirbi əlavə edib.

Xatirə SADİQ