Şimali Koreyanın 300 əsgəri öldürülüb – Cənubi Koreya kəşfiyyatı

Ukraynaya qarşı müharibədə, ən azı, 300 Şimali Koreya əsgəri həlak olub, daha 2700 əsgər yaralanıb.

Jan 13, 2025 - 11:19
Şimali Koreyanın 300 əsgəri öldürülüb – Cənubi Koreya kəşfiyyatı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatına istinadən “Yonhap” agentliyi məlumat yayıb. 

“Xalq Hakimiyyəti” hakim partiyasının nümayəndəsi Li Sonq-Kvenin sözlərinə görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) bu məlumatı parlamentin kəşfiyyat komitəsinin qapalı iclasında qanunvericilərlə paylaşıb.

MKX döyüş hərəkətləri ilə bağlı yeni əldə edilmiş video-görüntüləri təhlil edib və qeyd edib ki, Moskvanın Ukraynadakı müharibəsini dəstəkləmək üçün göndərilən Şimali Koreya əsgərlərinin kütləvi itkiləri onların müasir müharibəni anlamaması, o cümlədən dronlara “faydasız” atəş açması ilə bağlıdır.

Kəşfiyyat həmçinin bildirib ki, Şimali Koreya öz əsgərlərini Ukrayna hərbçiləri tərəfindən əsir düşməmək üçün özlərini öldürməyə məcbur edir.

MKX-nin məlumatına görə, Rusiyanın Kursk vilayətində Ukrayna qüvvələri tərəfindən əsir götürülən iki Şimali Koreya əsgəri Şimali Koreyanın Baş Kəşfiyyat İdarəsində xidmət edib.

Xatirə SADİQ